Bu ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 5762 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb.
Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 16 faiz olub.
Qeydiyyata alınan əmlaklardan 2587-si torpaq sahəsi, 2169-u fərdi yaşayış və bağ evi, 723-ü mənzil, 142-si qeyri-yaşayış sahəsi, 134-ü qeyri-yaşayış binası, 7-si isə əmlak kompleksidir.
Cari ilin ötən dövründə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,2 milyon manat xidmət haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 63,6 min manat və ya 5,5 faiz çoxdur.