28 May - Dünənimizin İstiqlalı, bu günümüzün gücü - şərh

11:12 25.05.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

“1918-ci ilin 28 mayı Azərbaycan xalqının taleyinə qızıl hərflərlə yazılmış müqəddəs bir tarixdir. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız təkcə öz müstəqilliyini bəyan etmədi, həm də Şərqdə ilk demokratik, hüquqi və parlamentli respublikanın əsasını qoydu. Bu tarixi hadisə milli dövlətçilik düşüncəmizin ən ali təzahürü kimi yaddaşlara həkk olundu”.

Bu fikirləri Hafta.az-a 28 May – Müstəqillik Günü ilə bağlı şərhində Nizami rayon icra hakimiyyətinin məsul işçisi, MMP sədr müavini Könül İsmayılova deyib.

K.İsmayılova qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza müasir dövlətçilik ənənələri miras qoydu. Milli ordu yaradıldı, dövlət atributlarımız təsis edildi, qadınlara seçki hüququ verildi, təhsil və hüquq sahəsində mühüm islahatlar həyata keçirildi. Bu addımlar bir daha sübut etdi ki, Azərbaycan xalqı azad yaşamağa, demokratik cəmiyyət qurmağa qadir xalqdır.

“Tarix göstərdi ki, müstəqillik yalnız əldə edilmir, həm də qorunur. 1920-ci ildə Cümhuriyyət süquta uğrasa da, istiqlal ruhu xalqımızın qəlbindən heç vaxt silinmədi. 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi və Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndi, ölkəmiz sabitlik və inkişaf yoluna qədəm qoydu”, - deyə K.İsmayılova bildirib.

K.İsmayılova əlavə edib ki, bu gün müstəqil Azərbaycan artıq regionun söz sahibi olan güclü dövlətidir:

“Ərazi bütövlüyümüzün bərpası, iqtisadi inkişaf, beynəlxalq nüfuzumuzun artması və milli birliyimizin daha da möhkəmlənməsi müstəqilliyimizin ən böyük bəhrələrindəndir. Dünənin istiqlal ideyası bu gün qüdrətli dövlətçilik modelinə çevrilib.

28 May yalnız tarix deyil - milli kimliyimizin, azadlıq ruhumuzun və dövlətçilik iradəmizin simvoludur. Bu müqəddəs gün bizə bir daha xatırladır ki, müstəqillik ən böyük sərvətimizdir və onu qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.

Biz bu gün keçmişimizin qəhrəmanlıq səhifələrinə ehtiramla baxır, gələcəyimizi isə daha güclü, daha firavan Azərbaycan naminə qururuq. Çünki “Bir kərə yüksələn bayraq, bir daha enməz!” -fikri dünən olduğu kimi, bu gün də xalqımızın milli iradəsinin ifadəsidir”.