Yay aylarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrinə müraciətində sentyabr ayına qədər vaksinasiyanın əhali arasında 60 faizdən çoxunun cəlb edilməsini tövsiyyə etmişdi. Buna səbəb isə sentyabrdan sonra soyuq hava ilə birgə daha da güclənən virus təhlükəsi idi. Hazırda dünyanın bir sıra ölkələrində əhali arasında peyvənd olunmuş şəxslərin faiz göstərisi ikinci dozaya görə hətta 70-80 faizi keçənlər də var. Bizdə isə oktyabr ayı olmağına baxmayaraq bu rəqəm cəmi 40 faiz civarındadır.
Rəsmi rəqəmlər də onu göstərir ki, dünya ölkələri ilə müqayisədə bizdə ikinci doza vaksin olunanlar hələ də lazımi qədər deyil. Bununla belə, digər ölkələrdə 3-cü doza (“buster” doza) peyvəndin tətbiqi də artıq rəsmi olaraq başlayıb. 3-cü doza vaksin ilə bağlı söz-söhbətlər isə uzun müddətdir ki gedir.
Bu mübahisə, Pfizer rəsmisi və BioNTech'in amerikalı ortağı Albert Bourla, aprel ayında ilk peyvənddən sonrakı 6-12 ay müddətində üçüncü dozaya, sonra isə illik təkrar peyvənd edilməsinə ehtiyac ola biləcəyini vurğuladıqda daha da dərinləşdi.
Hazırda dünyanın bir sıra aparıcı ölkələri 3-cü doza peyvəndə isti yanaşır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə, daha azgəlirli ölkələrin zəngin dövlətlərin vaksinasiya səviyyəsinə çatana qədər üçüncü doza ilə peyvəndləməni təxirə salmağa çağırıb, çünki gücləndirici dozalar onsuz da çatışmayan qlobal vaksin tədarükünü məhdudlaşdıra bilər.
Təşkilatın Baş direktorunun fikrincə, son strategiya, pandemiya ilə mübarizəni illərlə uzada bilər, halbuki onu bir neçə ay ərzində tamamlamaq üçün real fürsət mövcuddur. Tedros Adhanom Ghebreyesus həmçinin pandemiyanı dayandırmaq üçün əlavə vaksinləri yoxsul ölkələrə verməyə səsləyib. Bu da tam olaraq vaksinin dünya üzrə qeyri bərabər paylanması və ya “vaksin ədalətsizliyi” ilə bağlıdır.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən hafta.az-a verilən açıqlamaya görə, “Peyvənd sertifikatı” müddətsizdir və 3-cü dozanın vurulması onun müddətinə təsir etmir. Həmçinin Son elmi tədqiqatlara əsasən, COVID-19 xəstəliyi əleyhinə hər 2 doza vaksin almış bütün tibb işçilərinin, yaşı 60-dan yuxarı olan əhalinin və immun sistemi zəif şəxslərin 3-cü doza (“buster” doza) ilə peyvəndlənmələri tövsiyə edilir.
Bildiyiniz kimi, “Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.