Mayın 16-sı, Mormenekşə Çağdaş Qadınlar Dərnəyinin başqanı Hayriyə Ertuğay Tokyayın dəvəti ilə növbəti dəfə Kuzey Kıbrıs Türk Cümhuriyyətinə yola düşürəm. İlk dəfə bu gözəl vətənə səfər etdiyim kimi həyəcanlıyam. Təyyarə Bakıdan Ankaraya enəndə, ürəyimdən "kaş ki, tezliklə Azərbaycandan Şimali Kiprə birbaşa hava reysi açılaydı" arzusu keçir. Bir dəfə bu reys həyata keçirildi, illər ötsə də, o tarixi an yaxşı yadımdadır. İnanıram ki, gün gələcək bu arzu da gerçəyə çevriləcək…
Esenboğa hava limanından qalxıb, Lefkoşaya yola çıxanda təyyarədən Şimali Kipri görməyə səbrsizlənirəm. Göylərdən belə çox gözəl görünür, cənnət vətən. Kuzey Kıbrıs Ercan Hava Limanında məni Mormenekşəli xanımlar Hasibə və Ayşən xanım qarşılayır. Çölə çıxıb, Kuzey Kıbrısın havasını doyunca içimə çəkirəm. Görmədiyim müddətdə Ercan Hava Limanı büsbütün dəyişib, sahəsi genişlənib, müasir standartlar səviyyəsində qurulub.
Avtomobilə əyləşib, Mormenekşəyə yol alırıq. Axşam olsa da, hər qarışı əziz olan yolları seyr edirəm. Və çox keçmir ki, Mormenekşəyə çatırıq.
Əziz insanlarla, başda Hayriyə xanım olmaqla, mormenekşəli xanımılarla, qardaşlarımla görüşürəm. Onlardan ötrü çox darıxmışdım.
Filmlərdə gördüyüm nağıl kəndi, amma gerçək
Bir gün sonrakı böyük günə hazırlaşan, uşaqdan böyüyə hər kəsin əlindən gələni etdiyi, çalışdığı Mormenekşə kəndi məni heyran qoyur. Uşaqlıq illərim yadıma düşür, o zamana qayıdıram. Bu kənddə hamı bir ailə kimi, mehriban yaşayır, halallıqla, zəhmətlə qazandıqları bir tikə çörəklərini yarı bölürlər. Bununla da qalmırlar, Şimali Kipri öz əlləri ilə hazırladıqları qida məhsulları, əl əməyi göz nuru olan, Kuzey Kıbrısa özəl əl işləri ilə Türk dövlətlərində, bütün dünyada tanıdmağa çalışırlar.
Mormenekşə Çağdaş Qadınlar Dərnəyinin də əsl missiyası budur. 11 ildir, yorulmadan, usanmadan, gecə-gündüz bu yolda irəlləyir, (Bu barədə ətraflı yazacam) əmək verirlər.
Biz kənddən ayrılıb, hotelimizə gedəndə onlar hələ çalışırdılar. Aylardır Mormenekşə kəndinin insanları artıq beynəlxalq festivala çevrilən böyük bayrama hazırlaşır. Yorğundurlar, amma çox məmnundurlar....
Şimali Kiprin bayramına çevrilən Mormenekşə festivalı
Sabah saat 5-də durub, Aralıq dənizinin (Ağ dəniz) sahilində Kuzey Kıbrısın eşsiz gözəlliyini seyr edirəm. Sonra Kıbrısa özəl səhər yeməyini yeyib (ləzzətli zeytunlu çörəyi və qızardılmış hellim pendirini yalnız Kuzey Kıbrısda dada bilərsiniz), mormenekşəli xanımlarla möhtəşəm Mormenekşə festivalına yollanırıq.
Yuxarıda da qeyd etdiyim kimi, aylarla festivala hazırlaşan, qonaqların məmnun qalması üçün ən kiçik nüanslara qədər düşünüb həyata keçirən, bacardıqlarından daha çox əmək verən Mormenekşə xanımlarının üzündə yorğunluq yox, gözəllik, sevinc var. Hər şey mükəmməldir və qonaqlar, bütün Kuzey Kıbrıs xalqı dəstə-dəstə gəlməyə başlayır. Belə demək mümkünsə, adada Mormenekşə coşqusu yaşanır.
Ən çox diqqətimi çəkən və xoşuma gələn səhər saatlarında bütün xalq 7-dən 70-ə deməyim, ən kiçiyindən ən yaşlısına qədər bayram paltarlarını geyinib-keçinib, əllərində bayraqlar küçələrə çıxması oldu. Daha doğrusu, hamı Mormenekşənin mərkəzinə tələsirdi...
Festival korteji məni heyran etdi. Milli və parad geyimlərində olan məktəblilər, yaraşıqlı və gözəl balalar, rəqs qrupları, ifaçılar, gənc solistlər, ansambllar.... Evlərindən çıxa bilməyən yaşlı insanlar isə evlərinin balkonlarında əllərində bayraq, korteji salamlayırdılar. Möhtəşəm anlar idi. KKTC mediasının festivala olan diqqətini isə xüsusi qeyd etmək istəyirəm.
Bu il ilk dəfə festivalda Azərbaycan, Qırğızıstan və Qazaxıstan da təmsil olunur. Eyni zamanda, Türkiyədən musiqi və rəqs qrupları da gəlmişdi.
Beləliklə, 4-cü Mormenekşə Beynəlxalq Mədəniyyət, İncəsənət və istehsalçı Festivalı başlayır. Kortejin önündə möhtəşəm bayraqlarımız dalğalanır. Açığını deyim ki, Türk Dünyasını bir araya gətirən bu beynəlxalq tədbirdə Azərbaycanı təmsil etməkdən, bayrağımızı dalğalandırmaqdan qürur duyuram.
Kuzey Kıbrısın bütün bölgələrindən olan istedadlı və istehsalçı xanımlar öz yerlərini alıblar. Hər kəs bayram əhval ruhiyyəsindədir.
Festivalda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin baş naziri Ünal Üstəl, Kənd Təsərrüfatı və Təbii Sərvətlər naziri Hüseyn Çavuş, Səhiyyə naziri Hakan Dincyürək və xanımı, millət vəkilləri Zorlu Törə, İzləm Gürçağ, TAM partiyanın qurucusu Sərdar Denktaş, Türkiyənin Qazimağusa baş konsulu Işıl Gürler xanım, Yunus Emrə İnstitutunun KKTC nümayəndəliyinin rəhbəri Abdullah Aktaş, TDP sədri Zeki Çeler, Yeniboğaziçi bələdiyyə başqanı Katip Demir və ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
Mormenekşə Çağdaş Qadınlar Dərnəyinin başqanı Hayriyə Ertuğay Tokyay mərasimi giriş sözü ilə açıb festival iştirakçılarını salamladı və bütün iştirakçılara təşəkkür etdi:
"Mədəniyyət bir xalqın, bir millətin ən böyük yaddaşıdır. Biz də dilimiz, musiqimiz, yeməklərimiz, adət-ənənələrimiz, əl əməyimizlə mədəniyyətimizə töhfələr verməyə çalışırıq. Xüsusilə də mədəniyyətlərin yaşamasında, inkişafında qadınların rolu çox böyükdür".
Hayriyə xanım beynəlxalq festivalın təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Gün boyu davam edən festivalı minlərlə insan ziyarət etdi. Bir-birindən gözəl ifalar, folklor və rəqs qrupları, rəsm sərgiləri, idmançıların, kiçik yaşlı istedadların göstəriləri, moda dəfiləsi böyük alqışlarla qarşılandı.
Əl əməyi göz nuru məhsullların satışından əldə olunan gəlirlər isə xeyirxah missiya yardım məqsədi ilə xərclənəcəkdir.
Festival gec saatlarda başa çatsa da, iştirakçılar əylənir, zövq alır, bəzi ifaçıların, rəqs qruplarının təkrar səhnəyə qayıtmasını alqışlarla rica edirdilər. Gecənin sonunda Mormenekşe Çağdaş Qadınlar Dərnəyinin başqanı Hayriyə xanım və üzvləri səhnəyə çıxaraq, sənətçilərlə birikdə "Hayat bayram olsa" mahnısını ifa etdilər.
Bəli, Kuzey Kıbrısda möhtəşəm Mormenekşə coşqusu yaşanırdı. Festivalın sonunda bayram atəşfəşanlığı oldu.
Mən də öz adıma Mormenekşə ailəsinə, Hayriyə xanıma çox təşəkkür edirəm. Azərbaycanı bu beynəlxalq festivalda təmsil etmək və sizin bir parçanız olmaq qürurdur.
İnşALLAH, Mormenekşə Mədəniyyət, İncəsənət və İstehsalçı Festivalının bütün dünyaya səs salması arzusu ilə. Çünki bunu böyük fəaliyyətinizlə, zəhmətinizlə, əl əməyi göz nurunuzla haqq edirsiniz.
(Ardı var)
Ağanisə Əliqaraqızı