Kənd təsərrüfatı sahəsində qadın və gənc fermerlərin fəaliyyətinin genişləndirilməsi və onların dəstəklənməsi yeni Dövlət Proqramının əsas prioritet istiqamətlərindəndir. Sənəddə bu kateqoriyadan olan fermerlər üçün xüsusi dəstək mexanizmlərinin formalaşdırılması ilə yanaşı, taxıl və pambıqçılıqda məhsuldarlığın artırılmasına yönəlmiş tədbirlər də nəzərdə tutulur.
Hafta.az xəbər verir ki, Qarabağ bölgəsində fəaliyyət göstərən qadın və gənc fermerlər bu istiqamətdə müəyyənləşdirilən hədəflərin aqrar sahənin inkişafına mühüm töhfə verəcəyini bildirirlər.
Ağdam rayonunun Əhmədağalı kəndindən olan gənc fermer Taleh Əliyev 2017-ci ildən pambıqçılıqla məşğuldur. O, fəaliyyətə cəmi 71 sot əkin sahəsi ilə başlayıb. İllər keçdikcə həm əkin sahəsini, həm də məhsuldarlığı artıran gənc fermer ötən il 5 hektar pambıq sahəsinin hər hektarından orta hesabla 58 sentner məhsul əldə edib. Bu uğurlu nəticə onu builki mövsümdə əkin sahəsini iki dəfə artıraraq 10 hektara çatdırmağa sövq edib. Hazırda sahələrdə kultivasiya və digər aqrotexniki qulluq işləri davam etdirilir.
Taleh Əliyev bildirib ki, yeni Dövlət Proqramında pambıqçılığın inkişafı və gənc fermerlərə dəstək mexanizmlərinin nəzərdə tutulması gələcək fəaliyyətini genişləndirmək üçün əlavə stimul yaradır. Onun sözlərinə görə, proqram çərçivəsində yaradılacaq imkanlardan yararlanaraq həm əkin sahəsini genişləndirməyi, həm də müasir kənd təsərrüfatı texnikaları əldə etməyi qarşısına məqsəd qoyub.
Dövlət Proqramında qadın fermerlərin dəstəklənməsi də prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ağcabədi rayon Kəhrizli kənd sakini İntizar Nəcəfova 34 ildir pambıqçılıqla məşğuldur. Bu il 38 hektarda pambıq becərən fermer, eyni zamanda, arpa və buğda əkinləri də aparır. O, artıq 2,5 hektar arpa sahəsində biçini başa çatdıraraq hər hektardan 40 sentner məhsul götürüb. Hazırda isə 2 hektarlıq buğda sahəsində biçin davam edir və fermer burada da hər hektardan 40 sentner məhsul gözləyir.
İntizar Nəcəfovanın sözlərinə görə, Dövlət Proqramı ilə bağlı Ağcabədidə keçirilən müşavirədə iştirak edib və sənəddə qadın fermerlərə dəstək mexanizmlərinin nəzərdə tutulduğunu öyrənib. O hesab edir ki, bu istiqamətdə həyata keçiriləcək tədbirlər qadınların kənd təsərrüfatında fəaliyyət imkanlarını daha da genişləndirəcək və təsərrüfatların inkişafına əlavə töhfə verəcək.
Qeyd edək ki, Dövlət Proqramında pambıq və taxıl istehsalının artırılması məqsədilə subsidiya mexanizmlərinin təkmilləşdirilməsi, toxumçuluğun inkişafının dəstəklənməsi, ixtisaslaşmış rayonlarda orta məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılması və istehsal həcminin artırılması nəzərdə tutulur. Bununla yanaşı, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan qadın və gənc fermerlər üçün xüsusi dəstək mexanizmlərinin formalaşdırılması və tətbiqi də sənədin əsas hədəfləri sırasındadır. Bu tədbirlərin aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə, məşğulluğun genişlənməsinə və dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcəyi gözlənilir./azertag.az/