Avstraliya hökuməti süni intellektin əmək bazarına təsiri ilə bağlı ilk milli hesabatını dərc edib. Hesabatda bildirilir ki, intellektual əmək sahəsində çalışan işçilər daha çox risk altındadırlar, fiziki əməklə məşğul olanlar isə bu texnologiyalara qarşı daha az həssasdırlar.
Hafta.az xarici mediaya istinadla xəbər verir ki, Avstraliya İş və Bacarıqlar Təşkilatının (JSA) hesabatına əsasən, süni intellektin ən yüksək potensial təsirinə çağrı mərkəzi əməkdaşları, mühasiblər, reklam və marketinq mütəxəssisləri, ofis işçiləri, administratorlar, pərakəndə satış menecerləri və proqramçılar məruz qalır. Tədqiqat müəllifləri qeyd edirlər ki, bu peşələrdə daha çox qadınlar və ali təhsilli şəxslər çalışır.
Fiziki əmək tələb edən işlər, eləcə də praktik bacarıqlar və ixtisaslaşmış peşə təhsili tələb edən sahələr süni intellektə ən dözümlü peşələr kimi müəyyən edilib. Bunlara elektrikçilər, tikinti işçiləri, yük maşını sürücüləri, yaşlılara qulluq edənlər, təmizlik işçiləri və bağbanlar daxildir.
Sənəddə vurğulanır ki, süni intellekt səbəbindən Avstraliyada hələlik iş yerlərinin genişmiqyaslı itirilməsi müşahidə olunmayıb. Buna baxmayaraq, yüksək avtomatlaşdırma potensialına malik peşələrdə məşğulluq digər sektorlara nisbətən daha yavaş artır. Məsələn, 2022-ci ilin sonundan 2026-cı ilin əvvəlinə qədər süni intellektə ən az həssas peşələrdə çalışan işçilərin sayı 9,5 faiz artdığı halda, ən çox təsirlənən sahələrdə bu artım cəmi 5,6 faiz təşkil edib.
Avstraliyanın məşğulluq naziri Amanda Rişvort bildirib ki, hökumət süni intellektdən mövcud iş yerlərini ixtisar etmək üçün deyil, yeni imkanlar yaratmaq məqsədilə istifadə etmək niyyətindədir. O, həmçinin dövlətin vətəndaşların əmək bazarındakı dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün təlim və yenidən ixtisasartırma proqramlarına investisiya qoymağa davam edəcəyini vurğulayıb.