Videooyunlar yaddaşı yaxşılaşdırırmış

09:08 07.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Videooyunların beyin sağlamlığına təsiri uzun illərdir araşdırılır. “Acta Psychologica” jurnalında dərc olunan yeni araşdırmada 20 il ərzində aparılmış tədqiqatların nəticələri sistematik icmal və meta-analiz vasitəsilə ümumiləşdirilib. Nəticələr göstərib ki, videooyunlar bəzi idrak qabiliyyətlərinə, xüsusilə yaddaşa müəyyən müsbət təsir göstərə bilər.

Hafta.az xəbər verir ki, alimlər 14 245 nəfərin iştirak etdiyi 133 tədqiqatı təhlil ediblər. Araşdırmalarda videooyun oynayanlarla oynamayan şəxslər müqayisə olunub, həmçinin nəzarət olunan klinik sınaqların nəticələri qiymətləndirilib.

Tədqiqatçılar idrak göstəricilərini yaddaş, məkan düşüncəsi, vizual diqqət, idrak nəzarəti və zəka olmaqla beş sahəyə ayırıblar. Ümumilikdə video oyunların kiçik, lakin statistik baxımdan əhəmiyyətli idrak üstünlükləri ilə əlaqəli olduğu müəyyən edilib. Ən nəzərəçarpan təsir yaddaş sahəsində müşahidə olunub.

Oyunçuların məkan düşüncəsi, vizual diqqət, idrak nəzarəti və zəka sahələrində də cüzi üstünlükləri qeydə alınıb. Bununla belə, tədqiqatçılar nəticələrin bəzi məhdudiyyətlərə malik olduğunu, o cümlədən müxtəlif tədqiqat metodları və özünüqiymətləndirmə üsullarının təsirləri nəzərə alınmalı olduğunu bildirirlər.