Hərbi bazanın səmasında 200 UNO müşahidə edilib

09:43 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ hərbçiləri 1949-cu ildə Nyu-Meksiko ştatında yerləşən və nüvə silahlarının hazırlandığı Sandia bazası yaxınlığında bir gün ərzində 200-ə yaxın uçan naməlum obyekt (UNO) müşahidə ediblər.

Hafta.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmən dərc etdiyi sənədlərdə qeyd olunub. Məxfiliyi ləğv edilmiş materiallara ABŞ-nin strateji hərbi obyektlərinin yaxınlığında qeydə alınan UNO müşahidələri haqqında 116 səhifəlik hesabat daxildir.

Sənəd 1948-1950-ci illər ərzində baş vermiş yüzlərlə epizodu əhatə edir və qeyri-adi hadisələrin Nyu-Meksiko səmasında, eləcə də ABŞ Silahlı Qüvvələrinin obyektləri yaxınlığında müntəzəm şəkildə baş verdiyini təsdiqləyir.

Arxiv sənədlərinə əsasən, 30 yanvar 1949-cu il tarixində Alamaqordo yaxınlığında təxminən 200-ə yaxın UNO görünüb. Naməlum obyektlər tədricən aşağı enən və daha sonra gözdən itən "parıldayan yaşıl sferalar" kimi təsvir edilib. Bu hadisədən beş dəqiqə əvvəl isə bənzər yaşıl-mavi rəngli obyektlər Rozuell yaxınlığında müşahidə olunub.

Xatırladaq ki, Rozuell şəhəri 1947-ci il iyulun 2-də yaxınlıqda baş vermiş məşhur UNO qəzası ilə tanınır. Məhz bu hadisə ilə əlaqədar 2 iyul tarixi dünyada "Beynəlxalq UNO Günü" kimi qeyd olunur.