Fransada iyun ayındakı anomal istilərdə 2025 nəfər ölüb

11:43 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada iyun ayında müşahidə olunan anomal istilər zamanı azı 2025 ölüm faktı qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Stefani Rist Fransa Səhiyyə Agentliyinin ilkin məlumatlarına istinadən açıqlama verib.

Nazirin sözlərinə görə, bu rəqəmlər hələ tam yekunlaşmayıb və bütün məlumatlar toplandıqdan sonra dəqiqləşdiriləcək. O bildirib ki, xüsusilə tənha yaşayan insanlar isti hava şəraitində daha böyük risk altındadırlar. Belə ki, belə ölüm halları əvvəlki həftə ilə müqayisədə 91 faiz artıb.

Bundan əvvəl Fransa Səhiyyə Agentliyi iyunun 18-28-ni əhatə edən isti hava dalğası zamanı təxminən 1000 ölüm faktının qeydə alındığını açıqlamışdı. Son məlumatlar isə bu göstəricinin xeyli yüksək olduğunu ortaya qoyur. Qurum qeyd edib ki, yay mövsümü başa çatdıqdan sonra bütün istilik dalğalarını əhatə edən yekun hesabat hazırlanacaq və ölüm göstəricilərinin dəqiq statistikası həmin vaxt açıqlanacaq.

Mütəxəssislər xatırladırlar ki, Yer kürəsində orta temperatur XIX əsrdən bəri təxminən 1,3 dərəcə artıb və alimlər bu dəyişikliklərin əsas səbəbinin insan fəaliyyəti və qazıntı yanacaqlardan istifadə olduğunu bildirirlər. Bu proses ekstremal isti hava hadisələrinin daha tez-tez və daha şiddətli baş verməsinə səbəb olur.