Finlandiyalı alimlər XIX əsrdə irqi tədqiqatlar aparılması üçün İsveçə aparılmış insanın kəllə sümüyü ilə bağlı yeni məlumatlar əldə ediblər.
Hafta.az xəbər verir ki, DNT analizi qalıqların XVIII əsrin sonu – XIX əsrin əvvəllərində indiki Finlandiyanın Paltamo bələdiyyəsinin ərazisində yaşamış bir qadına məxsus olduğunu göstərib.
Tədqiqatçıların sözlərinə görə, bu, Kaynuu bölgəsində yaşamış və qalıqları DNT analizi vasitəsilə araşdırılan ilk məlum tarixi şəxsdir. Genetik materialın çox yaxşı qorunub saxlanılması alimlərə qadının ehtimal olunan xarici görünüşünü də müəyyən etməyə imkan verib. Onun açıq dərisi, mavi gözləri, açıq rəngli, ehtimal ki, qızılı çalara malik saçları olub. Həmçinin müəyyən edilib ki, qadın nisbətən gənc yaşlarında vəfat edib. Bununla belə, onun ölüm səbəbi hələ də məlum deyil.
Kəllə sümüyünün qadına məxsus olması tədqiqatçılar üçün gözlənilməz olub. Belə ki, XIX əsrdə Helsinki Universitetinin Anatomiya İnstitutuna daxil olan, daha sonra isə araşdırmalar aparılması üçün İsveçə göndərilən insan qalıqlarının əksəriyyəti xəstəxanalarda və ya həbsxanalarda vəfat etmiş kişilərə aid idi.
Bu kəllə sümüyü uzun sürən danışıqlardan sonra 2024-cü ildə İsveç tərəfindən Finlandiyaya qaytarılmış 82 insan kəllə sümüyündən biri olub. Həmin kəllə sümüklərinin üçdə ikisi XIX əsrdə Karolinska İnstitutunun professoru, isveçli antropoloq Qustav Retsius tərəfindən toplanmışdı. O hesab edirdi ki, baş və kəllə sümüklərinin ölçülməsi finlərin skandinavlarla eyni dərəcədə “təmiz” mənşəyə malik olmaması barədə nəzəriyyəsini təsdiqləyə bilər. Həmin dövrdə müxtəlif irqlərin nümayəndələrinin kəllə sümüklərinin proporsiyalarının fərqli olduğu barədə yanlış təsəvvür mövcud idi.
2024-cü ilin dekabrında qalıqlar Kayaani şəhərində yenidən dəfn olunub, lakin tədqiqatlar davam etdirilir. Alimlər qadının qidalanma xüsusiyyətlərini müəyyənləşdirməyə, həmçinin onun Paltamo bələdiyyəsinin və Kaynuu bölgəsinin müasir sakinləri ilə genetik qohumluq əlaqəsinin olub-olmadığını aydınlaşdırmağa ümid edirlər./azertag/