Həftənin REKORDU - Həftə-reytinq

11:07 27.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı il Dünya Çempionatında maraqlı bir rekord qeydə alınıb. Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo ilə Özbəkistan yığmasının futbolçusu Bəhruz Kərimov turnir tarixinin ən böyük yaş fərqi ilə eyni meydanda üz-üzə gəliblər. 41 yaşlı Ronaldo 18 yaşlı Kərimovdan 22 il 183 gün böyükdür. Bu göstərici DÇ tarixində eyni oyunda meydana çıxan iki futbolçu arasında indiyədək qeydə alınmış ən böyük yaş fərqidir.

 

Həftənin QALİBİ

Türkiyədə “Survivor 2026” yarışmasının qalibi müəyyənləşib. Finalda Nagihan Karadere ilə üz-üzə gələn keçmiş futbolçu Mert Nobre mövsümün çempionu adını qazanıb. Final mübarizəsinin ilk raundunda rəqibini 8:1 hesabı ilə məğlub edən Mert Nobre həlledici üstünlük əldə edib. İkinci raund daha gərgin mübarizə şəraitində keçsə də, Nobre qələbəni əldən verməyib.

 

Həftənin BORCLUSU

Nikol Paşinyanın Baş nazir seçildiyi 2018-ci ilin mayından indiyədək Ermənistanın dövlət borcu 110,6% artıb. 2018-ci il aprelin 30-na Ermənistanın dövlət borcu 6,87 milyard dollar (təxminən 11,679 milyard AZN), 2026-cı il aprelin 30-na isə 14,46 milyard dollar (təxminən 24,582 milyard AZN) təşkil edib. Məlumatlara görə, 8 il ərzində daxili borcun kəskin artımı müşahidə olunub. Belə ki, borc 1,26 milyard dollardan (təxminən 2,142 milyard AZN) 7,15 milyard dollara (təxminən 12,155 milyard AZN) çatıb, yəni 467,1% artıb.

 

Həftənin İMTİNASI

Ukrayna Prezidenti Volodimir Zelenski “Ağ Qartal” ordenini Polşaya qaytarıb. Bu barədə Polşa Prezidenti Karol Navrotskinin mətbuat katibi Rafal Leskeviç bildirib. “Orden geri qaytarılıb. Bu gün biz onu prezident dəftərxanasından götürdük. Geri qaytarılmış orden saxlanılması üçün Mükafatlar və Təyinatlar İdarəsinə təhvil veriləcək. Konkret bu orden bundan sonra heç kimə təqdim olunmayacaq”, - mətbuat katibi deyib.

 

Həftənin İSTEFASI

Böyük Britaniyanın Baş naziri Kir Starmer vəzifəsindən istefa verərkən emosional anlar yaşayıb. O, vida çıxışı zamanı ailəsinə təşəkkür edib, səsi titrəyib və göz yaşlarını saxlaya bilməyib. Starmer çıxışında bundan sonra həyatının əsas prioritetinin ailəsi olacağını vurğulayıb. Vida nitqindən sonra Starmer həyat yoldaşını qucaqlayıb. Emosional anları əks etdirən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və böyük maraq doğurub.

 

Həftənin QAYIDIŞI

Braziliya futbolunun əfsanəsi Ronaldinyo uzun illərdən sonra yaşıl meydanlara qayıdır. İtaliyanın C Seriyası təmsilçisi “Ravenna” 46 yaşlı sabiq ulduzun oyunçu kimi komandaya qoşulduğunu rəsmən açıqlayıb. Məlumata görə, Ronaldinyo yeni komandasında 10 nömrəli formanı geyinəcək. O, transferdən sonra ilk açıqlamasında futbola qayıtdığı üçün həyəcanlı olduğunu bildirib.