Həftənin BASKETBOLÇUSU - Həftə-reytinq

11:56 03.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa millisinin düşərgəsində olan Kilian Mbappe maraqlı anlarla gündəmə gəlib. O, komandanın paltardəyişmə otağında topu zibil yeşiyinə dəqiq ataraq, basketbolda oynaya bildiyini də göstərib. Daha sonra ulduz futbolçu buna rəqs edərək sevinib.

 

Həftənin QALİBİ

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev ABŞ-nin Sietl şəhərində növbəti döyüşünü keçirib. 36 yaşlı idmançı İqnasio Bahamondeslə (Çili) qarşılaşıb. O, rəqibini məğlub edərək qələbə qazanıb. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub. Xatırladaq ki, İqnasio Bahamondes sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.

 

Həftənin AYRILIĞI

“Crocus Group” şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan ayrılıb. 70 yaşlı biznesmen boşandıqdan sonra 27 yaşlı Alyona İvanova ilə ailə həyatı qurub. Bildirilib ki, Alyona artıq sosial şəbəkələrdə və sənədlərdə soyadını Ağalarova olaraq dəyişib. Aralarında 43 il yaş fərqi olan cütlüyün artıq övladının dünyaya gəldiyi də qeyd olunub. Xatırladaq ki, Araz Ağalarov və İrina 40 ildən artıq evli olub. Onların bu nikahdan Emin və Şeyla adlı övladları var.

 

Həftənin HÜCUMU

Ermənistan Baş naziri Nikol Paşinyan bu gün İrəvanda kilsədə hücuma məruz qalıb. Hadisə Müqəddəs Anna kilsəsində baş tutan ayindən sonra qeydə alınıb. Bir şəxs Paşinyana zərbə endirməyə çalışıb. Lakin ölkənin Təhlükəsizlik Xidmətinin əməkdaşları ona mane olub. Daha sonra tərəflər arasında qarşıdurma yaranıb.

 

Həftənin TƏLTİFİ

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya və minerologiya elmləri doktoru Vaqif Kərimovu təltif edib. Putinin imzaladığı Fərmanla Vaqif Yunus oğlu Kərimova “Rusiya Federasiyasının Əməkdar elm xadimi” fəxri adı verilib. Qeyd edək ki, V.Kərimov 1949-cu ildə Bakıda anadan olub. O, uzun illərdir Rusiyada geologiya və neft-qaz kəşfiyyatı sahələrində çalışır.

 

Həftənin BAŞ NAZİRİ

Keçmiş repçi Balendra Şah Nepalın Baş naziri olub. Mərkəzçi Milli Müstəqil Partiyasının (Rastriya Svatantra Partiyası - RSP) lideri olan 35 yaşlı B.Şah həm də Katmandu şəhərinin keçmiş meri idi. Onun artıq yeni vəzifəsinin icrasına başladığı bildirilir. “Mən, Balendra Şah xalq və ölkə adından Konstitusiyaya sadiq qalacağıma və Baş nazir vəzifəmi sədaqətlə yerinə yetirəcəyimə söz verirəm”, - deyə o andiçmə mərasimində bildirib.