Ağstafada maarifləndirici tədbir keçirildi

19:44 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Zəlimxan kənd tam orta məktəbinin binasında “Milli memarlıq irsimiz” adlı maarifləndirici tədbir keçirilib.

Hafta.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin və ölkəmiz uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad olunduqdan sonra, mövzuya dair sənədli filmin nümayişi olub.

Ağstafa RİH başçısı Seymur Orucov çıxış edərək qeyd edib ki, Xalqımızın tarixinin, ruhunun və kimliyinin təcəssümü olan milli memarlıq irsimizin qorunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev onu məhv olmaqdan xilas etdi. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə milli irsimizin ən böyük zəfəri işğaldan azad edilmiş torpaqlarımızda ucalır. İllərlə düşmən tərəfindən dağıdılan, məscidləri, karvansaraları, Qarabağ və Şərqi Zəngəzurun memarlıq siması yenidən doğulur. Şuşada ucalan Vaqifin məqbərəsinin yenidən bərpası, qədim məscidlərimizin və tarixi mülklərimizin dirçəldilməsi milli memarlıq irsimizə olan ən böyük ehtiramdır. Bizə əmanət qalan bu zəngin irsi qorumaq, öyrənmək və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Ulu Öndərin bizə miras qoyduğu milli dövlətçilik və mədəniyyət rəmzləri Azərbaycan yaşadıqca əbədi zirvələrdə olacaqdır! 

Tədbirdə rayonun məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin uşaqlarının milli dəyərlər, tarixi-mədəni irsimizə məhəbbət, vətənpərvərlik ruhunda təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, eyni zamanda, istedadlı uşaq və yeniyetmələrin əl işlərindən ibarət sərgi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.