Mingəçevir Dövlət Universiteti (MDU) müəllimlərin işə qəbulu prosesində süni intellekt texnologiyalarından istifadəni nəzərdə tutan “MDU Smart Faculty Selection Platform” (SFSP) konsepsiyasının hazırlanmasına başlayır.
Hafta.az xəbər verir ki, Universitetin məlumatına görə, platformanın əsas məqsədi müəllim seçimi prosesini daha şəffaf, obyektiv, sürətli və məlumatlara əsaslanan şəkildə təşkil etmək, eyni zamanda, akademik keyfiyyətin yüksəldilməsinə töhfə verməkdir. Sistem süni intellekt, məlumat analitikası və ekspert qiymətləndirməsini vahid platformada birləşdirərək seçim komissiyasının qərarvermə prosesini dəstəkləyəcək. Platforma vasitəsilə namizədlərin təqdim etdikləri sənədlər, elmi və pedaqoji fəaliyyəti, beynəlxalq təcrübəsi, elmi nəşrləri, layihələrdə iştirakı və digər akademik göstəriciləri vahid meyarlar əsasında təhlil ediləcək. Eyni zamanda, sistem müsahibə mərhələsi üçün fərdiləşdirilmiş sualların hazırlanmasına, sınaq dərslərinin analitik qiymətləndirilməsinə və hər bir namizəd üzrə ətraflı hesabatların formalaşdırılmasına imkan verəcək. Platforma qərar qəbul edən mexanizm deyil, qərarverməni dəstəkləyən intellektual vasitədir. Yekun qərar universitetin müvafiq seçim komissiyası tərəfindən qəbul ediləcək.
Yeni yanaşmanın tətbiqi ilə müəllim seçimi prosesində obyektivliyin artırılması, insan amilindən qaynaqlanan subyektivliyin minimuma endirilməsi, vaxt və resurslara qənaət edilməsi, həmçinin universitetin akademik potensialının daha da gücləndirilməsi hədəflənir.