Rusiyanın dövlət mediasında Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş simvolların və keçmiş separatçı dəstələrin üzvlərinin efirə çıxarılması Azərbaycanda ciddi narazılıqla qarşılanıb. Hesab edilir ki, regionda yeni siyasi-hüquqi reallıqların formalaşdığı bir dövrdə bu cür addımlar təsadüfi informasiya hadisəsi kimi qiymətləndirilə bilməz və Azərbaycan-Rusiya münasibətlərinə mənfi təsir göstərə bilər.
Mövzunu Hafta.az-a şərh edən politoloq Rəşad Bayramov bildirib ki, dövlət mediasında separatizmi simvolizə edən şəxslərin və atributların nümayiş etdirilməsi beynəlxalq hüququn prinsipləri və ikitərəfli münasibətlərin ruhu ilə uzlaşmır.
Politoloqun sözlərinə görə, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində fəaliyyət göstərmiş keçmiş separatçı silahlı dəstənin üzvünün efirə çıxarılması və separatçı simvolların nümayiş etdirilməsi heç bir halda qəbulolunan deyil və haqlı narahatlıq doğurur:
"Rusiya tərəfinin belə addımları təkcə media etikası baxımından deyil, həm də dövlətlərarası münasibətlər və beynəlxalq hüququn prinsipləri kontekstində ciddi suallar yaradır. Azərbaycan 2023-cü ildə öz suverenliyini bütün ərazisində tam bərpa etdikdən sonra Qarabağ məsələsi hüquqi və siyasi baxımdan yeni mərhələyə keçib. Bu reallıq həm beynəlxalq təşkilatlar, həm də Rusiyanın özü tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması çərçivəsində qəbul olunub. Belə olan halda separatizmi simvolizə edən şəxslərin və atributların dövlət televiziyasında nümayiş etdirilməsi yeni regional reallıqlarla uzlaşmayan mövqenin ifadəsi kimi qiymətləndirilməlidir.
Bu və buna bənzər hadisələr, eləcə də Rusiyanın ayrı-ayrı ictimai-siyasi fiqurlarının açıqlamaları belə təəssürat yaradır ki, söhbət təsadüfi addımdan deyil, müəyyən siyasi yanaşmadan gedir. Belə məzmunun dövlətə məxsus media platformasında yayımlanması Qarabağ mövzusunu informasiya müstəvisində yenidən gündəmə gətirmək cəhdi kimi görünür. Xüsusilə Cənubi Qafqazda yeni geosiyasi balansın formalaşdığı bir dövrdə bu cür materialları sadəcə informasiya səhvi kimi qiymətləndirmək mümkün deyil".
R.Bayramov qeyd edib ki, Rusiya da yaxşı bilir ki, media vasitəsilə formalaşdırılan narrativlər dövlətlərarası münasibətlərə birbaşa təsir göstərir:
"Separatizmə rəğbət yaradan və ya onu legitimləşdirən görüntülərin yayımlanması Azərbaycan cəmiyyətində haqlı narazılıq yaradır və iki ölkə arasında etimad mühitinə mənfi təsir göstərir. Rusiya anlamalıdır ki, bu kimi hallar son dövrlər Bakı ilə Moskva arasında onsuz da həssas olan münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Əgər Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və regionda sabitliyin tərəfdarı olduğunu bəyan edirsə, bu prinsip dövlət mediasının fəaliyyətində də aydın şəkildə əksini tapmalıdır".
Ekspertin sözlərinə görə, Azərbaycan ictimaiyyətinin Rusiyadan əsas gözləntisi məsələyə rəsmi münasibətin bildirilməsi və oxşar halların təkrarlanmaması üçün konkret addımların atılmasıdır:
"Bizim Rusiyadan istəyimiz odur ki, bu hadisəyə aydın izahat verilsin, dövlət mediasında redaksiya məsuliyyəti gücləndirilsin və beynəlxalq hüquqa zidd məzmunun yayılmasının qarşısının alınması üçün əməli tədbirlər görülsün. Bu, həm Azərbaycan-Rusiya münasibətlərində onsuz da xeyli zəifləyən etimadın qorunmasına, həm də Moskvanın separatizmi təşviq etdiyi barədə iddiaların qarşısının alınmasına xidmət edər", – deyə R.Bayramov qeyd edib. Hesab edirəm ki, bu cür informasiya təxribatları təkcə media hadisəsi deyil, həm də siyasi və diplomatik nəticələr doğura biləcək addımlardır. Rusiya regionda formalaşmış yeni reallıqlara və beynəlxalq hüququn prinsiplərinə hörmət etməli, bu məsələdə məsuliyyətli davranmalıdır. Əks yanaşma Azərbaycan-Rusiya münasibətlərində yeni gərginliklər yarada bilər".