QAİ Qadınlar Şurasının hesabat yığıncağı keçirilib

23:23 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 29-da Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının 2026-cı ilin ilk yarımilliyinə dair hesabat yığıncağı keçirilib.

İcmadan hafta.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı rəhbərlik etdiyi Şuranın cari ilin ilk altı ayı ərzində gördüyü işlər barədə hesabatla çıxış edib.

Məlahət İbrahimqızı bildirib ki, son dörd il ərzində Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində mühüm nəticələr əldə olunub. Onun sözlərinə görə, vaxtilə beynəlxalq platformalarda "Qərbi Azərbaycan" ifadəsinin səsləndirilməsi belə çətin idisə, bu gün artıq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın hüquqları və onların təhlükəsiz, ləyaqətli, sülh yolu ilə qayıdış hüququ beynəlxalq təşkilatların gündəliyində yer alır.

Şura sədri qeyd edib ki, Qarabağın azadlığı uğrunda olduğu kimi, Qərbi Azərbaycana Qayıdış məsələsində də milli həmrəylik nümayiş etdirilməlidir. O vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış təkcə Qərbi azərbaycanlıların deyil, bütün xalqın ümummilli məqsədidir.

Məlahət İbrahimqızı bildirib ki, Qadınlar Şurası fəaliyyətini İcmanın Nizamnaməsi və təsdiq olunmuş fəaliyyət planına uyğun qurur, digər şuralarla koordinasiyalı şəkildə çalışaraq Qayıdış Konsepsiyasının həyata keçirilməsinə töhfə verir. O qeyd edib ki, Qərbi Azərbaycan qadınları Qayıdış Konsepsiyasının aparıcı qüvvəsidir və bu etimad onların üzərinə böyük məsuliyyət qoyur.

Məruzədə bildirilib ki, 2023-cü ildən fəaliyyətini genişləndirən Qadınlar Şurasının hazırda 1000-dən çox qeydiyyatdan keçmiş üzvü var. Şuraya yeni üzvlər cəlb olunur, məlumat bazası zənginləşdirilir, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Toplantıda Qadınlar Şurasının 2026-cı ilin ilk yarımili ərzində gördüyü işləri əks etdirən videohesabat nümayiş olunub, hesabat ətrafında müzakirələr aparılıb.

Qərbi Azərbaycan İcmasının mətbuat katibi Lamiyə Əhmədova çıxışında fəaliyyətin informasiya təminatının gücləndirilməsinin vacibliyini vurğulayıb. O, layihə və tədbirlərin media və sosial şəbəkələrdə daha geniş işıqlandırılmasının, rayon icmalarında informasiya işinin gücləndirilməsinin və gənc qadınların bu prosesə daha fəal cəlb olunmasının əhəmiyyətini qeyd edib.

Tədbirdə çıxış edən digər iştirakçılar Qadınlar Şurasının fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunması, Qayıdış Konsepsiyasının təbliği və qadınların ictimai fəallığının artırılması ilə bağlı fikirlərini bölüşüblər.

İclas çərçivəsində icmalar üzrə qadın koordinatorlarının fəaliyyətinə dair yeni proqram təsdiqlənib, qarşıdakı dövr üçün vəzifələr müzakirə olunub. Sonda cari məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.