Rusiyanın dövlət televiziya kanallarından biri olan “Rossiya-1”də vaxtilə Qarabağda qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərmiş şəxslə müsahibənin yayımlanması və efirdə keçmiş separatçı qurumun rəmzlərinin nümayiş etdirilməsi müzakirələrə səbəb olub.
Məsələni Hafta.az-a şərh edən siyasi ekspert Azər Hüseynov bildirib ki, bu cür hallar təsadüfi sayıla bilməz və müəyyən siyasi mesajlar ehtiva edir.
Ekspert qeyd edib ki, Rusiya telekanallarından birində qondarma Qarabağ emblemlərinin nümayiş etdirilməsi onu göstərir ki, Rusiya və ümumiyyətlə bəzi dövlətlər erməni kartından xarici siyasətdə zaman-zaman alət kimi istifadə etməyə çalışırlar:
"Bununla belə, təkcə bu hadisənin Azərbaycan-Rusiya münasibətlərinə ciddi və həlledici təsir göstərəcəyini düşünmürəm. Lakin bu kimi addımlar şübhəsiz ki, iki ölkə arasında etimada mənfi təsir göstərir. Əgər belə hallar davamlı xarakter alarsa və sayı artarsa, bu, istər-istəməz Azərbaycan-Rusiya münasibətlərinin soyumasına səbəb ola bilər. Buna görə də Azərbaycanın bu cür məsələlərə diqqətli və prinsipial yanaşması, milli maraqlarını qətiyyətlə müdafiə etməsi təqdirəlayiq və zəruridir”.
Ekspertin fikrincə, Azərbaycan öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı məsələlərdə prinsipial mövqeyini bundan sonra da qorumalı, bu kimi təxribat xarakterli addımlara qarşı vaxtında və adekvat münasibət bildirməlidir.