Olland yenidən Fransa prezidenti ola bilər

13:52 29.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransanın sabiq Prezidenti Fransua Olland 2027-ci il prezident seçkiləri öncəsi siyasi fəallığını artıraraq, yenidən sol düşərgənin əsas namizədlərindən biri olmağa çalışır.

Hafta.az xəbər verir ki, Fransa mətbuatının məlumatına görə, keçmiş dövlət başçısı ölkə boyu görüşlər keçirir, yeni kitabının nəşrinə hazırlaşır və seçki kampaniyası üçün maliyyə strukturu formalaşdırır. Müşahidəçilərin fikrincə, Ollandın əsas rəqiblərindən biri, sosial-demokrat düşərgəsinin digər tanınmış siması Rafael Qluksmən hesab olunur. Siyasi ekspertlər sabiq prezidentin pərdəarxası fəaliyyətlə sol elektoratda mövqeyini gücləndirməyə çalışdığını bildirirlər.

Fransua Olland hələ namizədliyini rəsmi açıqlamasa da, prezident seçkilərində iştirak ehtimalını istisna etməyib. O, bu barədə yekun qərarın bu ilin sonunda veriləcəyini açıqlayıb.

Bununla yanaşı, siyasi müşahidəçilər qeyd edirlər ki, Ollandın yenidən prezidentliyə iddiası həm sol düşərgədə rəqabəti artırır, həm də müxalifət daxilində yeni siyasi balansın formalaşmasına təsir göstərir.