“Rusiyanın dövlət televiziya kanalı olan “Rossiya-1”in efirində Qarabağda vaxtilə fəaliyyət göstərmiş qanunsuz separatçı silahlı dəstənin üzvünün təqdim edilməsi və separatçı simvolların nümayiş etdirilməsi ciddi narahatlıq doğuran hadisədir. Bu, təkcə jurnalist etikası baxımından deyil, həm də regionda formalaşmış yeni siyasi reallıqlar fonunda məsuliyyətsiz informasiya siyasəti kimi qiymətləndirilməlidir”.
Bu fikirləri Hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan Qarabağ məsələsini beynəlxalq hüquq normaları çərçivəsində həll edib, ölkənin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub:
“Bu reallığı dəyişdirmək mümkün deyil. Belə olan halda, separatizmi simvolizə edən şəxslərin və atributların efirə çıxarılması müəyyən dairələrin köhnə gündəliyi informasiya müstəvisində yenidən canlandırmaq cəhdi təəssüratı yaradır. Hesab edirəm ki, bu cür verilişlər iki ölkə arasında mövcud münasibətlərə müsbət təsir göstərmir. Əksinə, qarşılıqlı etimadın zəifləməsinə və ictimai rəydə haqlı narazılığın yaranmasına səbəb olur. Xüsusilə də söhbət dövlətə məxsus televiziya kanalından gedirsə, burada yayımlanan materialların siyasi məsuliyyəti daha böyükdür.
Moskva Azərbaycanla münasibətlərdə səmimiyyət nümayiş etdirmək istəyirsə, bu kimi hallara operativ hüquqi və siyasi qiymət verməli, dövlət mediasında separatizmi və qanunsuz silahlı birləşmələri dolayısı ilə də olsa təbliğ edən materialların yayımına imkan verməməlidir. Rusiyanın başqa ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş belə informasiya addımlarına həssas yanaşması həm hüquqi, həm də siyasi baxımdan zəruridir.
Bu gün Cənubi Qafqazın əsas ehtiyacı köhnə münaqişələrin yenidən gündəmə gətirilməsi deyil, sülhün möhkəmləndirilməsi, kommunikasiyaların açılması və regional əməkdaşlığın genişləndirilməsidir. İnformasiya məkanında atılan hər bir addım da məhz bu məqsədə xidmət etməli, revanşizm və separatizm meyillərini təşviq etməməlidir”.