Qazaxıstan prezident Qasım-Jomart Tokayev Parlament palatalarının birgə iclasında ölkəsinin yeni iqtisadi modelə keçdiyini bir daha vurğulayıb.
Hafta.az yazır ki, onun fikrincə, bu, xüsusi əhəmiyyət kəsb edən strateji bir vəzifədir. Onun tez bir zamanda həlli yeni yanaşmaların və yeni mövqelərin hazırlanmasını tələb edir.
"Aydındır ki, əvvəlki iş metodları effektiv olmayacaq. Artıq demişəm ki, qlobal vəziyyət, bütövlükdə beynəlxalq mühit hər il pisləşir. Biz bir çox müxtəlif münaqişələr və çətinliklərlə qarşılaşırıq. Lakin buna baxmayaraq, balanslaşdırılmış siyasət yürüdürük və inamla irəliləyirik. Biz bu kursa sadiq qalmağa davam edəcəyik", - prezident deyib.
Keçən ilin nəticələrinə görə, milli iqtisadi artım 6,5 faiz təşkil edib ki, bu da qlobal artım templəri ilə müqayisədə yüksək göstəricidir. Dövlət başçısı qeyd edib ki, Qazaxıstanın ümumi daxili məhsulu tarixdə ilk dəfə 300 milyard dolları keçib və adambaşına düşən ÜDM 2019-cu ildən bəri 50 faiz artaraq 15 min dollara çatıb.
O, bunun MDB ölkələri arasında ən yüksək nəticələrdən biri olduğunu vurğulayıb. Qazaxıstan bu ilin ilk beş ayında 10,4 faizə düşən inflyasiyanı yavaşlatmağı bacarıb.
"Lakin bu göstəricinin daha da azaldılması zəruridir. Ölkənin maliyyə sisteminin sabitliyi təmin edilib. Milli valyuta xarici risklərdən etibarlı şəkildə qorunur. Ümumilikdə, parlament, hökumət və Milli Bank arasında məhsuldar qarşılıqlı əlaqədən danışa bilərik. Hazırda ən aktual məsələ Milli Bankın baza faiz dərəcəsidir. Bu məsələnin həlli üçün balanslaşdırılmış yanaşma lazımdır. Qəbul etdiyiniz yeni büdcə və vergi məcəllələri bütün iqtisadi sistemi tamamilə yenidən işə salıb və dövlət maliyyəsinin idarə olunmasına yanaşmaları dəyişdirib. Beləliklə, Qazaxıstan iqtisadiyyatı üçün yeni bir modelin formalaşması üçün təməl qoyulub”, - deyə prezident bildirib.