Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının “Ezelgi Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə beynəlxalq onlayn seminar keçirilib.
Hafta.az xəbər verir ki, bu barədə Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib. İnstitutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun moderatorluğu ilə təşkil olunan seminar “Mədəni irs, elmi tədqiqat və gənclər: VI yay məktəbi kontekstində Keşikçidağ-Taraz dialoqu” mövzusuna həsr edilib.
Tədbirdə qoruq əməkdaşları, Xəzər Universitetinin könüllüləri, arxeoloqlar, tarixçilər, universitet müəllimləri, doktorantlar, magistrantlar, tələbələr, eləcə də muzey və mədəni irs sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Seminarı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və qoruqlar şöbəsinin sektor müdiri Mahir Qəhrəmanov açaraq tədbirin Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafına verəcəyi töhfələrdən danışıb. “Ezelgi Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktor müavini Yerjan Aksanbayeviç və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev isə seminarın əhəmiyyətini vurğulayıblar.
Daha sonra Bakı Dövlət Universitetinin dosenti Yunis Nəsibli, Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini Pərviz Qasımov, institutun aparıcı elmi işçisi Yaqub Məmmədov, eləcə də “Ezelgi Taraz” Tarix-Mədəniyyət Muzey-Qoruğunun əməkdaşları Juldız Şalkeeva, Madina İbadildaeva, Akerke Orynbasar, Akdidar Kəribekova, Akgül Altınbekova və Ali Muktasimov məruzələrlə çıxış ediblər.
Seminarın əsas məqsədi Azərbaycan ilə Qazaxıstan arasında ortaq tarixi-mədəni irsin öyrənilməsi və təbliği sahəsində elmi əməkdaşlığın genişləndirilməsi, mədəni irs üzrə tədqiqatların təşviqi, gənclərin elmi və ictimai fəaliyyətə cəlb olunmasının dəstəklənməsi, həmçinin hər iki ölkənin mədəni irs qurumları arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi olub.
Tədbir çərçivəsində son beş ildə ardıcıl həyata keçirilən “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi” layihələrinin nəticələri təqdim edilib. Qeyd olunub ki, bu layihələr yalnız arxeoloji tədqiqatların aparılması baxımından deyil, həm də gənc tədqiqatçıların praktiki bilik və bacarıqlarının artırılması, mədəni irsin qorunması sahəsində ictimai iştirakçılığın genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Seminarda Keşikçidağ ərazisində aparılan arxeoloji tədqiqatların nəticələri, aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin tarixi əhəmiyyəti, onların elmi dövriyyəyə daxil edilməsi istiqamətində görülən işlər, eləcə də arxeoloji irsin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri müzakirə olunub.
Bildirilib ki, Keşikçidağ kompleksi Qafqazın qədim tarixinin öyrənilməsi baxımından böyük elmi potensiala malikdir. Bu ərazi regionun mədəni müxtəlifliyini və tarixi inkişaf mərhələlərini əks etdirən nadir irs nümunələrindən biri hesab olunur.
Tədbirdə, həmçinin 2026-cı ilin yayında keçiriləcək “Keşikçidağda elmi arxeoloji qazıntılar və yay məktəbi VI” layihəsinin fəaliyyət istiqamətləri, elmi proqramı, iştirakçıların qarşısında duran vəzifələr və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, layihə çərçivəsində aparılacaq tədqiqatlar regionun qədim yaşayış və mədəniyyət tarixinin daha dərindən öyrənilməsinə, yeni elmi nəticələrin əldə olunmasına və beynəlxalq elmi əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
Seminar iştirakçıları mədəni irsin qorunması və tədqiqində gənclərin rolunun artırılmasının vacibliyini xüsusi vurğulayıblar. Beynəlxalq yay məktəblərinin və elmi-praktik proqramların bu istiqamətdə mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, ortaq tarixi irsin öyrənilməsi sahəsində Azərbaycan və Qazaxıstan alimləri arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mədəni irsin qorunması, elmi tədqiqatların inkişafı və gənclərin bu sahədə fəal iştirakının təmin olunması istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. Seminarda iştirak edən məruzəçilərə və tələbələrə hər iki qoruq tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.