Bu inyeksiya qocalıq dövründə sağlamlığı qoruyacaq

09:10 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Barselona Muxtar Universitetinin tədqiqatçıları eksperimental gen terapiyası hazırlayıblar. Bu terapiya siçanlarda bir dəfə tətbiq edildikdən sonra yaşla bağlı dəyişiklikləri ləngidib və onların ömür müddətini 20 faizdən çox artırıb.

Hafta.az xəbər verir ki, tədqiqatın nəticələri “Molecular Therapy” jurnalında dərc olunub.

Metodun təməlində əzələ hüceyrələrini FGF21 zülalını istehsal etməyə məcbur edən genin orqanizmə çatdırılması dayanır. Bu zülal maddələr mübadiləsinin və enerji balansının tənzimlənməsində mühüm rol oynayır. FGF21 həmçinin toxumaların insulinə həssaslığını artırır, skelet əzələləri tərəfindən qlükozanın mənimsənilməsini stimullaşdırır, qlikogenolizi (qlikogenin parçalanması) və qlükoneogenezi (qlükozanın əmələ gəlməsi) zəiflədir. Bu xüsusiyyətlər gənc orqanizm üçün xarakterik hesab olunur.

Bir dəfə edilən inyeksiyadan sonra heyvanlarda metabolik sağlamlıq göstəriciləri yaxşılaşıb. Terapiyanın müsbət təsiri eyni vaxtda bir neçə orqanı əhatə edib. Müalicə olunan heyvanlarda ürək, qaraciyər və böyrəklər daha yaxşı fəaliyyət göstərib, xroniki iltihab və toxumaların yaşla bağlı zədələnmə əlamətlərinə isə xeyli az rast gəlinib. Bundan əlavə, terapiya orqanizmin qocalması ilə əlaqələndirilən bəzi zülalların toplanmasının qarşısını alıb.

Terapiyanın heyvanların həyat keyfiyyətinə təsiri xüsusilə nəzərəçarpan olub. Siçanlar hətta yaşlı dövrdə də güclərini, dözümlülüklərini və hərəkət koordinasiyalarını qoruyub saxlayıblar. Onların yaddaşı və öyrənmə qabiliyyəti də gənc fərdlərin göstəricilərinə yaxın səviyyədə qalıb.

Tədqiqatın müəlliflərinin sözlərinə görə, əldə olunan nəticələr göstərir ki, FGF21 zülalına təsir sağlam həyat dövrünün uzadılması üçün perspektivli yanaşmaya çevrilə bilər. Bununla belə, alimlər vurğulayırlar ki, hələlik söhbət yalnız heyvanlar üzərində aparılmış təcrübələrdən gedir. Bu terapiyanın insanlar üçün təhlükəsizliyini və effektivliyini qiymətləndirmək məqsədilə əlavə tədqiqatların və klinik sınaqların aparılmasına ehtiyac var.