Qərbi Azərbaycana qayıdış ideyası yalnız coğrafi bir həsrətin və ya keçmişə dönüş istəyinin ifadəsi deyil, bu, ədalətin, tarixi həqiqətlərin və nəsillər boyu yaşadılmış mədəni irsin öz haqqına qovuşdurulması mübarizəsidir.
Hafta.az xəbər verir ki, bu sözləri Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” III konqres-festivalında çıxışı zamanı İğdır Universitetinin rektoru Əkrəm Gürel deyib:
"Qarabağda əldə olunan Zəfərdən sonra Qərbi Azərbaycan torpaqlarına – yəni öz doğma yurdlarına həsrət qalan soydaşlarımızın sülh yolu ilə və hüquqi əsaslarla geri dönüş mübarizəsi bütün Türk dünyasının ortaq və haqlı davasıdır. İğdır Universiteti olaraq inanırıq ki, davamlı diplomatik və siyasi uğurların arxasında duran ən böyük güc möhkəm mədəni bağlar və güclü elmi təməldir".
Rektor bildirib ki, bu konqres sosiologiyadan tarixə, hüquqdan beynəlxalq münasibətlərə qədər geniş bir sahədə qayıdış ideyasının akademik əsaslarını formalaşdırır:
"Biz də İğdır Universiteti olaraq Qərbi Azərbaycan mədəniyyətinin, folklorunun və tarixi həqiqətlərinin dünyaya çatdırılması istiqamətində hər cür akademik əməkdaşlığa və ortaq fəaliyyətə hazırıq. Birgə layihələrimiz, simpoziumlarımız və yetişdirəcəyimiz gənc alimlər bu müqəddəs yolun ən güclü işığı olacaq".
Qeyd edək ki, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” III festival-konqresi keçirilir.