Bu, imzalanacaq sülh müqaviləsinin gələcəkdə sual altına düşməsi riskini yaradır - Deputat

15:03 18.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Seçkilərdən sonra hakimiyyətin mövqeyi nisbətən möhkəmlənir. Bu, istənilən ölkədə xarici siyasət qərarlarının qəbulunu daha çevik edir. Ermənistan kontekstində bu xüsusilə vacibdir: “Sülh sazişi kimi həssas qərarlar daxili legitimlik olmadan qəbul edilə bilməz. Yəni hakimiyyət seçkilərdən sonra daha rahat manevr edə, daha cəsarətli addımlar ata bilər. Bu baxımdan müəyyən bir “imkan pəncərəsi” açılır. Amma “yeni mərhələ” yalnız daxili faktorla müəyyən olunmur".

Bunu Hafta.az-a açıqlamasında Millət vəkili Razi Nurullayev deyib. Qeyd edir ki, Burada ikinci mühüm məsələ geosiyasi mühitdir.

Deputat vurğulayıb ki, Cənubi Qafqaz böyük güclərin maraqlarının toqquşduğu bölgə olaraq qalır:

"Qərbin regionda fəallaşması, Rusiyanın təsir imkanlarını qorumağa çalışması və digər regional aktorların maraqları Ermənistanın qərarlarına birbaşa təsir göstərir. Bu isə o deməkdir ki, seçkilərdən sonra yaranan fürsət xarici təsirlər səbəbindən ya sürətlənə, ya da ləngiyə bilər. Üçüncü vacib məqam isə Ermənistan cəmiyyətinin psixoloji və siyasi vəziyyətidir. Seçki nəticələri hakimiyyətə mandat versə də, cəmiyyətdə vahid mövqe yoxdur. Revanşist düşüncələr, keçmişlə bağlı emosional yanaşmalar hələ də güclüdür. Bu isə o deməkdir ki, hakimiyyət hər addımında daxili təzyiqləri də nəzərə almağa məcburdur. Yəni yeni mərhələ başlasa belə, bu, sabit və düzxətli proses olmayacaq.

Digər tərəfdən, Azərbaycan-Ermənistan münasibətlərində artıq əvvəlki illərlə müqayisədə daha real gündəlik formalaşıb. Artıq müzakirə mövzusu münaqişənin özü deyil, onun nəticələrinin hüquqi və siyasi çərçivədə tənzimlənməsidir. Bu isə həqiqətən də keyfiyyətcə fərqli mərhələnin elementidir. Nəticə etibarilə, “yeni mərhələ” ifadəsini belə dəqiqləşdirmək daha doğru olar: bu, imkanların yarandığı, lakin nəticələrin hələ təmin olunmadığı keçid mərhələsidir. Yəni proses irəli gedə bilər, amma eyni zamanda hər an dayanmaq və ya geriyə dönüş riski də qalır”.

Yekun sülh sazişinin imzalanmasına mane olan əsas amillərə gəldikdə isə, millət vəkili qeyd edir ki, hazırda əsas problemlər üç istiqamətdə cəmlənir: siyasi iradə, hüquqi baza və təhlükəsizlik təminatları. Onun sözlərinə görə, hüquqi müstəvidə ən ciddi məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına dolayı istinadların qalmasıdır:

"Bu məsələ həll olunmadan imzalanacaq hər hansı saziş uzunmüddətli və dayanıqlı hesab edilə bilməz. Digər tərəfdən, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, eləcə də qarşılıqlı öhdəliklərin icra mexanizmləri də hələ tam razılaşdırılmayıb. Yəni sənədin imzalanması üçün hüquqi baza hələ tam formalaşmayıb. Bu kontekstdə Ermənistan Konstitusiyası məsələsi təkcə hüquqi detal deyil, həm də siyasi etimadın əsas göstəricilərindən biridir. Çünki əgər ölkənin ali hüquqi sənədində dolayı da olsa Azərbaycana qarşı ərazi iddiaları qalırsa, bu, imzalanacaq sülh müqaviləsinin gələcəkdə sual altına düşməsi riskini yaradır.

Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, sülh sazişi yalnız mövcud reallığı və qarşılıqlı ərazi bütövlüyünü tam şəkildə əks etdirdiyi halda dayanıqlı ola bilər. Əks halda, hüquqi ziddiyyətlər gələcəkdə yenidən siyasi gərginlik üçün zəmin yarada bilər. Buna görə də Konstitusiya məsələsi texniki deyil, strateji əhəmiyyət daşıyan və yekun razılaşmanın mahiyyətinə birbaşa təsir edən əsas düyün nöqtələrindən biri kimi çıxış edir”.

Ermənistanda revanşist qüvvələrin fəaliyyətinin sülh prosesinə təsirinə də toxunan R.Nurullayev bildirir ki, bu yalnız siyasi rəqabət kimi deyil, daha dərin – ideoloji və psixoloji faktor kimi yanaşmağı tələb edir:

“Bu qüvvələr cəmiyyətdə məğlubiyyət sindromu üzərindən mobilizasiya aparır, keçmiş status-kvonun bərpasını mümkün kimi təqdim edir və beləliklə, realist sülh gündəliyini zəiflədirlər. Onların ritorikası daha çox emosional xarakter daşıyır və bu da rasional qərarların qəbulunu çətinləşdirir. Nəticədə hakimiyyət sülh istiqamətində addım atmaq istədikdə daxildə ciddi təzyiqlərlə və ittihamlarla üzləşir.

Bu qüvvələrin əsas riski ondadır ki, onlar yalnız siyasi bəyanatlarla kifayətlənmir, eyni zamanda ictimai rəyə təsir göstərərək qərar qəbul edənlərin manevr imkanlarını daraldırlar. Hər hansı kompromis addım dərhal “təslimçilik” kimi təqdim olunur və bu da cəmiyyətdə parçalanmanı dərinləşdirir. Belə mühitdə hökumət ya daha ehtiyatlı davranmağa məcbur qalır, ya da qərarları gecikdirir. Bu isə sülh prosesinin tempinə birbaşa mənfi təsir göstərir və əldə olunan razılaşmaların dayanıqlığını sual altına alır.

Digər tərəfdən, revanşist yanaşmalar yalnız daxili siyasi risk deyil, həm də təhlükəsizlik baxımından qeyri-sabitlik yaradır. Radikal ritorika sərhəddə gərginliyi artıra, təxribat ehtimalını yüksəldə və tərəflər arasında formalaşmaqda olan minimal etimadı zədələyə bilər. Buna görə də davamlı sülh üçün təkcə dövlətlərarası razılaşma kifayət deyil, eyni zamanda, Ermənistan daxilində daha realist və məsuliyyətli siyasi mühitin formalaşması da vacib şərtdir”.

Siyasət rubrikasından digər xəbərlər