44 günlük Vətən müharibəsindən sonra regionda yaranan yeni reallıqların ən mühüm elementlərindən biri Zəngəzur dəhlizi layihəsidir. Son illərdə müxtəlif siyasi maneələrə və beynəlxalq təzyiqlərə baxmayaraq, bu layihə regional nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası istiqamətində strateji təşəbbüs kimi gündəmdə qalmaqdadır. Azərbaycan Zəngəzur dəhlizini regional əməkdaşlıq və iqtisadi inteqrasiya layihəsi kimi təqdim etsə də, bəzi xarici güclər prosesə fərqli prizmadan yanaşırlar. Xüsusilə Rusiya və İranın məsələyə münasibəti, onların regiondakı maraqları və təsir imkanları dəhlizin reallaşması ətrafında müzakirələri daha da aktuallaşdırır.
Bu şəraitdə əsas sual ondan ibarətdir ki, Zəngəzur dəhlizi artıq geridönməz xarakter alıbmı və layihənin tam reallaşmasına mane ola biləcək amillər nə dərəcədə effektivdir?
Politoloq Rəşad Bayramov Hafta.az-a açıqlamasında vurğulayıb ki, Zəngəzur dəhlizi şübhəsiz ki, Cənubi Qafqazın ən mühüm geosiyasi və iqtisadi layihələrindən biridir.
Deputat qeyd edib ki, 2020-ci il müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, nəqliyyat kommunikasiyalarının açılması məsələsini həm logistika layihəsi olaraq, həm də siyasi təsir və regional balans məsələsi kimi ön plana çıxarıb:
“Hazırkı proseslər göstərir ki, Zəngəzur dəhlizinin reallaşması istiqamətində müəyyən siyasi dinamika formalaşıb. İlk olaraq 8 avqust Vaşinqton görüşündə əldə olunan razılaşma, daha sonra ABŞ və Ermənistan arasında imzalanan və yaxın zamanlarda ratifikasiya olunması gözlənilən sənəd layihənin reallaşması istiqamətində işlərin sürətlənəcəyini ehtimal etməyə imkan verir.
Dəhlizin açılması bizim üçün strateji əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaranmasına imkan verəcək və ölkənin regional tranzit imkanlarını genişləndirəcək. Eyni zamanda, Azərbaycan üçün bu, yalnız nəqliyyat məsələsi deyil, həm də Türk dünyası ilə daha sıx bağlantıların yaradılması baxımından mühüm amildir. Ermənistan üçün isə kommunikasiya xətlərinin açılması iqtisadi təcriddən çıxmaq, yeni tranzit imkanları əldə etmək və regional iqtisadi layihələrə qoşulmaq şansı yarada bilər. Daha geniş perspektivdə isə Zəngəzur dəhlizi Cənubi Qafqazda ticarət, enerji və nəqliyyat inteqrasiyasını gücləndirə bilər”.
Politoloq bildirib ki, Zəngəzur dəhlizinin Türk dünyasının inteqrasiyası və Orta Dəhlizin inkişafı baxımından da mühüm strateji əhəmiyyəti var. Onun sözlərinə görə, bu marşrut Asiya ilə Avropanı birləşdirən alternativ nəqliyyat xəttinin güclənməsinə xidmət edəcək və həmçinin Şərq-Qərb ticarət yollarının yenidən formalaşdığı bir dövrdə Cənubi Qafqazın tranzit əhəmiyyətini artıracaq:
“Zəngəzur dəhlizi layihəsinin əhəmiyyəti və onun meydana gətirəcəyi imkanlar təbii ki, regional və beynəlxalq aktorların da diqqət mərkəzindədir. Rusiya bu məsələyə öz strateji maraqları prizmasından yanaşır. Moskva üçün əsas məsələ regiondakı təsir imkanlarını qorumaq və nəqliyyat kommunikasiyalarının açılmasında söz sahibi olmaqdır. Rusiya uzun illər Cənubi Qafqazda əsas təhlükəsizlik aktorlarından biri olub və dəhliz məsələsində də öz rolunu saxlamağa çalışır. Xüsusilə regiondakı nəqliyyat marşrutlarının gələcək idarə olunması və təhlükəsizlik mexanizmləri Moskvanın maraq dairəsindədir. Lakin son illərdə regionda yeni aktorların fəallaşması Rusiyanın əvvəlki dominant mövqeyini müəyyən qədər zəiflədib. Elə dəhlizin idarə olunması ilə bağlı ABŞ və Ermənistan arasında əldə olunan razılaşma da bunun bariz sübutudur”.
İranın narahatlıqlarına gəldikdə isə R.Bayramovun fikrincə, onlar əsasən geosiyasi və iqtisadi amillərlə bağlıdır:
“Tehran hesab edir ki, yeni nəqliyyat reallıqları regiondakı balansı dəyişə və onun Cənubi Qafqazdakı təsir imkanlarına təsir göstərə bilər. Xüsusilə Azərbaycan ilə Naxçıvan arasında yeni bağlantının yaranması və Türkiyənin regiondakı rolunun artması İranın diqqətlə izlədiyi məsələlərdəndir. Bununla belə, İranın layihəyə tam mane olmaq imkanları məhduddur. Çünki regional və beynəlxalq aktorların maraqları bu prosesi artıq daha geniş geosiyasi çərçivəyə daxil edib.
Yaxın perspektivdə əsas gözlənti tərəflər arasında texniki və hüquqi məsələlərin həllinin sürətlənməsidir”.
R.Bayramov qeyd edib ki, sərhəd-keçid mexanizmləri, gömrük prosedurları, təhlükəsizlik məsələləri və infrastrukturun hazırlanması növbəti mərhələnin əsas mövzuları olacaq:
“Ermənistanın üzərinə düşən öhdəlikləri icra etməsi ilə Zəngəzur dəhlizi tədricən ideya mərhələsindən praktiki icra mərhələsinə keçə bilər. Ümumilikdə isə Zəngəzur dəhlizi artıq yalnız Azərbaycan-Ermənistan münasibətlərinin mövzusu deyil. Bu layihə Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi düzənin formalaşmasının elementlərindən birinə çevrilib”.