Şəhid Baş leytenantın SON FOTOSU

11:33 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Vüsal çox mehriban, səmimi, insanlara qarşı diqqətcil idi. Hər zaman ailəsinin yanında olmağa çalışırdı. Hərbi xidmətinə nə qədər bağlı olsa da, ailəsinə və övladlarına olan sevgisi tamam başqa idi".

Hafta.az xəbər verir ki, bu fikirləri modern.az-ın "Şəhiddən qalan son foto" rubrikasında söhbət zamanı şəhid baş leytenant Vüsal Aslan oğlu Məhərrəmovun həyat yoldaşı Mətanət Məhərrəmova deyib.

V.Məhərrəmov Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycan zabitlərindən biridir.

M.Məhərrəmova deyib ki, həyat yoldaşının şəhadətindən öncəki bu şəkli onda dərin hisslər oyadır:

"Şəkildə onun qətiyyətli baxışları, hərbi forması və vüqarlı duruşu bir zabitin Vətən sevgisini, qorxmazlığını və əzmini əks etdirir. Vüsalın bu baxışlarında həm güc, həm də xalqına olan sevgi hiss olunur. Ondan qalan son şəkil mənə uzun illər ərzində yaşanan acıları, səngərdə keçən soyuq gecələri, ailədən uzaq yaşamağın çətinliyini, övladları üçün darıxmasını xatırladır. Şəklə baxanda onun duruşunda Vətənə borcunu layiqincə yerinə yetirmiş bir igidin qürurunu görürəm. Digər tərəfdən isə qəlbimi titrədən həssas bir sızıltı ilə ona olan həsrətimi, onu necə çox darıxdığımı yenidən hiss edirəm".

O bildirib ki, Vüsal Məhərrəmov hər zaman Vətənə xidmət etməyi özünün ən müqəddəs borcu hesab edib:

"Şəhidlər bizim tariximizi yazan, azadlığımızı qanları ilə qoruyan qəhrəmanlardır. Vüsal da öz canını Vətən uğrunda fəda etdi. Onun adı hər zaman hörmət və ehtiramla anılacaq".

Mətanət Məhərrəmovanın sözlərinə görə, belə qəhrəmanların həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir:

"Onların bizə miras qoyduğu ən böyük dəyər Vətən sevgisi, birlik və mübarizlik ruhudur. Şəhid baş leytenant Vüsal Aslan oğlu Məhərrəmovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun".

Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə Hişkədərə kənd tam orta məktəbində təhsil almağa başlayıb və 1997-ci ildə həmin məktəbi bitirib.

Elə həmin il Gəncə Kənd Təsərrüfatı Akademiyasına qəbul olunub. Akademiyanın hərbi kafedrasında təhsil alaraq leytenant hərbi rütbəsi alıb. 2001-ci ildə ali təhsilini başa vurub. 2020-ci il sentyabrın 29-da səfərbərliklə hərbi xidmətə çağırılıb və Vətən müharibəsində iştirak edib. Döyüş yolu Füzuli istiqamətindən başlayıb. Vüsal Məhərrəmov 2020-ci il noyabrın 6-da Şuşa istiqamətində, Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid baş leytenant Vüsal Məhərrəmov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. O, həmçinin "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Xatirəsi əbədiləşdirilərək doğulduğu Hişkədərə kəndində və Bakı şəhərində onun adı küçələrə verilib. Həmçinin qardaş Türkiyədə onun adını daşıyan gəmi fəaliyyət göstərir.