"Qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının tətbiqi qaydaları təsdiqlənib"

13:41 30.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Ortaq Türk Əlifbası Komissiyasının üçüncü iclasında 34 hərfdən ibarət ortaq türk əlifbası yekdilliklə təsdiqlənərək qəbul olunub. Artıq qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının tətbiq qaydaları təsdiqlənib".

Hafta.az xəbər verir ki, bu barədə müsahibəsində Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev bildirib.

O qeyd edib ki, əvvəlcə komissiyanın fəaliyyətinin bununla başa çatdığı düşünülürdü. Çünki əlifba və dil məsələləri hər bir dövlətin öz səlahiyyətinə aid olan sahədir və əlifbanın nə vaxt qəbul ediləcəyinə ölkələr özləri qərar verirlər:

“Sonradan məlum oldu ki, müxtəlif qurumlar ortaq türk əlifbasından istifadə etməklə kitablar və digər nəşrlər hazırlayırlar. Lakin bu nəşrlərdə əlifbanın tətbiqi baxımından müəyyən uyğunsuzluqlar müşahidə olunurdu. Buna görə də qərara gəldik ki, ortaq əlifbanın ayrı-ayrı türk dillərində istifadə qaydalarını müəyyənləşdirək. Yəni, həmin 34 hərfin qazax, qırğız, özbək və digər türk dillərinin əlifbalarında necə işlədilməsi üçün vahid prinsiplər hazırlanmalıdır”.

Ş.Mustafayev bildirib ki, bu istiqamətdə iş aparılıb və Ortaq Türk Əlifbası Komissiyasının dördüncü iclası iyunun 15-də Astanada, Türk Akademiyasının mənzil-qərargahında keçirilib:

“Həmin iclasda qazax və qırğız dilləri üçün ortaq türk əlifbasının istifadə qaydaları qəbul edilərək təsdiqləndi. Yəni, gələcəkdə Qazaxıstan və Qırğızıstan bu əlifbaya keçəcəyi təqdirdə, artıq onlara tətbiq üçün konkret model tövsiyə olunur. Hazırda Özbəkistan əlifbası üzrə işlər davam etdirilir. “Özbəkistanlı həmkarlarımız, komissiya üzvləri və dilçilərlə məsləhətləşmələr aparırıq. Düşünürəm ki, özbək əlifbası ilə bağlı məsələlərin həlli üçün komissiyanın növbəti iclasının keçirilməsinə ehtiyac olacaq”.

Türkologiya sahəsində keçirilən beynəlxalq tədbirlərə də toxunan Ş.Mustafayev Bakıda 100 ildən sonra yenidən təşkil olunan Birinci Türkoloji Qurultayın yubiley tədbirinin tarixi əhəmiyyət daşıdığını vurğulayıb:

“Bu tədbir böyük əhəmiyyət kəsb edir. Bu, həm Türk dünyasına, həm Azərbaycana, həm də bütün dünyaya ünvanlanan mühüm mesajdır. Tədbir göstərir ki, 100 il əvvəl Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın ideyaları bu gün də yaşayır, öz aktuallığını qoruyur və davam edir.

Qeyd edim ki, tədbir həm də XX əsrin 30-cu illərində türk xalqlarına və türk mədəniyyətinə qarşı həyata keçirilən repressiyalara baxmayaraq, Türk dünyasının yaşadığını və gələcəyini birlikdə qurmaq əzmində olduğunu nümayiş etdirir. Bu baxımdan, həm bu tədbirin, həm də bütövlükdə “Türk Dünyası Həftəsi”nin çox böyük tarixi və mənəvi əhəmiyyəti var”.