Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərindən sonra dünya iqtisadi gündəmi türkmən qazının Avropa bazarına nəqli məsələsini müzakirə etməkdədir. Əlbəttə, indiyədək türkmən qazının əsas alıcıları Asiya ölkələridir və hətta hazırda Əfqanıstandan keçməklə Pakistana, oradan da Hindistana uzanacaq TAPI qaz kəməri tikilməkdədir. Amma rəsmi Aşqabadın məqsədi ölkənin əsas gəlir qaynağı olan təbii qazın ticarətini daha çox şaxələndirməklə ixrac təhlükəsizliyini təmin etməkdir.
Qeyd edək ki, Türkmənistan qazını Özbəkistan, Qırğızıstan və Tacikistan vasitəsilə Çinə nəql edən dörd mərhələli Orta Asiya-Çin Boru Kəməri hələ 2009-cu ildə istifadəyə verilib və hazırda A, B və C mərhələləri aktivdir və bu, Çinə ildə 55 milyard kubmetr qazın çatdırılmasına imkan verir. 35 milyard kubmetr tutumlu son mərhələ olan D hissəsinin isə təxminən 2030-cu ildə istifadəyə verilməsi və bununla da, ümumi tutumun 30 milyard kubmetr artırılması gözlənilir.
Daha çox bazar
Təbii qaz ticarəti üçün alternativ boru kəməri layihələri üzərində işləyən Türkmənistan, tamamlanmaq üzrə olan 1814 kilometrlik Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) Təbii Qaz Boru Kəməri vasitəsilə gələcəkdə Əfqanıstan, Pakistan və Hindistana ildə 33 milyard kubmetr qaz satmağı hədəfləyir.
Qaz hasilatını və ixracını artırmaq səylərini davam etdirən Türkmənistan, 2019-cu ildə Rusiya ilə ildə 5,5 milyard kubmetr qaz satışı üçün 5 illik müqavilə imzalayıb. 2021-ci ildə imzalanmış svop müqaviləsinə əsasən, Türkmənistan, həmçinin İran vasitəsilə Azərbaycana ildə təxminən 2 milyard kubmetr qaz satır.
Dünyanın ən böyük qaz yataqlarına sahib ölkələrindən olan Türkmənistan isə indiki istehsal və ixrac həcmləri ilə qane olmur və çalışır ki. Yeraltı zənginliklərindən daha çox faydalansın. Bunun üçün isə mütləq şəkildə etibarlı və sabit ixrac bazarı tapmalıdır. Ona görə də, tamamilə idxal yanacağa əsaslanan Avropa qaz bazarı Türkmənistanın maraqlarını təmin edir...
Ənənəvi narazılar
Ancaq bir məsələ var ki, Trans-Xəzər Boru Kəmərinin tikilməməsi üçün Moskva dəridən-qabıqdan çıxır. Hələ beş il əvvəldən başlayaraq Moskva “Qazprom”un vaitəsilə türkmən qazını almaq və ya svop üsulu ilə İran üzərindən Türkiyəyə ixrac etməsi üçün təşviq etməyə çalışır. Kremldə hesab edirlər ki, bu səylər reallaşsa, Türkmənistan qazının Transxəzər Boru Kəməri vasitəsilə birbaşa Avropa bazarlarına göndərilməsi Aşqabad üçün seçim olmayacaq.
İran da narazıdır. Onlar da Rusiyadakılar kimi düşünürlər: gah dənizdə ekoloji problem yaranacağını uydurur, gah da Qərbin şirkətlər vasitəsilə bölgəyə daxil olmasından qorxurlar.
Son siyasi təmaslar, verilən bəyanatlar və göstərilən əzm Ukrayna müharibəsi səbəbindən mövqeləri zəifləyən və çıxılmaz duruma düşmüş Rusiyanın, eləcə də ABŞ və İsrailin aviahücumları ilə çox ciddi yaralar almış İranın təzyiqlərinin əbəs olduğunu üzə çıxarır. Çünki dünyanın fövqəldövləti olan ABŞ bu məsələdə tərəfini seçərək Türkmənistanın Qərbə açılışını dəstəklədiyi üçün türkmən qazının Avropa bazarına çatdırılması ümidləri artır.
Vacib dəstək
Bu arada, Türkmənistanın xarici işlər naziri Rəşid Meredovun hələ aprel ayında Antalya Diplomatik Forumunda "Pioritetimiz Türkmənistan qazını Avropaya çatdırmaqdır" açıqlaması qısa zamanda konkret olaraq ABŞ tərəfindən dəstəklənib.
May ayında Meredovla ABŞ-nin Dövlət Katibi Marko Rubio arasında keçirilən görüşdə Rubio "Türkmənistanın Trans-Xəzər marşrutları vasitəsilə təbii qaz ixracının şaxələndirilməsinə güclü dəstək" bildirib. ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, Rubio Meredova "son ticarət müqavilələrindəki irəliləyiş"ə görə təşəkkürünü bildirib və enerji, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Rubionun qeyd etdiyi "son müqavilələr" bölgədəki enerji balansını dəyişdirəcək xarakter daşıyır. Malayziyanın Petronas şirkəti, BƏƏ-nin dövlət şirkəti ADNOC və onun investisiya qolu XRG ilə birlikdə Xəzər dənizində neft yatağının işlənməsi üçün müqavilə imzalanıb.
Petronas-ın Türkmənistanda 30 illik mövcudluğuna baxmayaraq, bu müqavilə Çindən başqa əsas oyunçuların ölkəyə daxil olması baxımından dönüş nöqtəsi kimi qəbul edilir. Digər diqqətçəkən inkişaf isə ADNOC/XRG-nin Azərbaycanın dövlət şirkəti SDH-də (Cənub Qaz Dəhlizi) 30 faiz pay əldə etmək prosesində olmasıdır. Bu addım ADNOC-a Azərbaycan qazının Avropaya nəqlində birbaşa söz sahibi olmaq imkanı yaradacaq.
Bundan əlavə, Petronas və ADNOC dünyanın ən böyük təbii qaz yataqlarından olan Türkmənistandakı Kalkınışın yatağının işlənmə mərhələlərindən biri üçün təklif verirlər.
Yəni, adıçəkilən şirkətlərin fəaliyyətini nəzərə alsaq, artıq Rusiyanın bölgədə mövqelərinin 15-20 il öncəki kimi güclü olmadığı deyə bilərik. Güman ki, Vaşinqtonun sərt mövqeyi Türkmənistan qazının nəzərdə tutulmuş layihələr əsasında Avropaya çatdırılmasının qarşısında heç bir maneə qalmayacaq.
Bu arada, Malayziyanın Baş naziri Ənvər İbrahimin 19 iyunda Aşqabada səfəri Petronasın Türkmənistandakı mövcudluğunu daha da möhkəmləndirib. Səfər zamanı iki vacib saziş imzalanıb:
1. Karbohidrogen ehtiyatlarının işlənməsi sahəsində uzunmüddətli əməkdaşlıq haqqında hökumətlərarası saziş,
2. Türkmənqaz-la Petronas arasında məxfilik sazişi.
Mənbələrə görə, bu sazişlər Petronas-a Kalkınış yatağının ehtiyatları haqqında məxfi məlumatlara çıxış və sahildən Xəzər dənizinə qaz nəql edən Şərq-Qərb boru kəmərinə nəzarət imkanı verəcək. Petronas-ın Kalkınışın istismarını birbaşa öz üzərinə götürməsi ilə bağlı yekun qərar verilməsə də, bu istiqamətdə bütün ilkin addımlar atılıb.
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun 22 iyunda Azərbaycana dövlət səfəri bu prosesin son mərhələsini qeyd edib. İki ölkə arasında imzalanan sazişlər “strateji əməkdaşlığın” başlanğıcı kimi təsvir olunub.
Prezident İlham Əliyev bildirib ki, “Türkmənistan və Azərbaycan geniş mineral və enerji ehtiyatlarına malik iki ölkədir. Buna görə də məqsədimiz səylərimizi birləşdirərək əməkdaşlıq etməkdir”.
Səfərdən dərhal sonra ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyası (ITA) Bakının regiondakı mərkəzi rolunu vurğulayan bir bəyanat yayıb. İTA Azərbaycanı enerji mərkəzi, logistika dəhlizləri üçün qovşaq nöqtəsi və texnologiya investisiyaları üçün dayanacaq nöqtəsi kimi təsvir edərək, eyni zamanda Amerika şirkətlərini regionla əlaqələndirən institusional strukturu gücləndirməyi öhdəsinə götürüb.
Nəticə
Nəticə olaraq qeyd edək ki, hələlik, Rusiya Xəzərətrafı türk ölkələrinin müstəqil qərar qəbul etməsi və iqtisadi çiçəklənməsinə qarşı dirənməyə çalışır. Məsələn, Kreml bu hadisələrə 18 iyunda sərt bəyanatla cavab verib. Rusiya beş Xəzəryanı dövlətin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan) "xarici müdaxilənin qəbuledilməzliyi" prinsipi ətrafında birləşməli olduğunu xatırladıb.
Ancaq yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-ın açıq dəstəyi, Malayziyanın Petronas və BƏƏ-nin ADNOC kimi beynəlxalq enerji nəhənglərinin iştirakı və Azərbaycan-Türkmənistan oxu boyunca diplomatik fəaliyyət Türkmənistan qazının Avropaya çatması üçün "Xəzər dəhlizi" yaratmaq səylərini sürətləndirib. Rusiya bu prosesi öz təsir dairəsinə müdaxilə kimi görərək alternativ diplomatik xətt qurmağa çalışsa da. Istədiklərinə nail olmayacağı aşkardır.