Tokayevin yenidən prezident seçilməsinə yol açılır

10:15 09.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Konstitusiya Məhkəməsinin yeni konstitusiyaya əsasən prezidentlik müddətləri ilə bağlı qərarı hazırkı prezident Kasım-Jomart Tokayevin 2029-cu ildə yenidən namizədliyini irəli sürməsi üçün yol açır. Məhkəmə qərara alıb ki, şəxs əvvəllər prezident seçilsə belə, 1 iyul 2026-cı ildən sonrakı müddət "birinci" müddət hesab olunacaq.

Hafta.az yazır ki, bu qərara görə, 1995-ci il Konstitusiyasına əsasən xidmət etmək yeni konstitusiyaya əsasında seçilmək və ya təyin olunmaq üçün maneə olmayacaq.

Yeni konstitusiya 15 mart 2026-cı ildə keçirilən referendumda səslərin 87,15 faizi ilə təsdiqlənib və iyulun 1-də qüvvəyə minib. Ən əhəmiyyətli dəyişikliklər arasında ikipalatalı parlamentin birpalatalı strukturla (Kurultay) əvəzlənməsi və vitse-prezidentliyin yenidən qurulması var.

Kasım-Jomart Tokayev Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə prezident seçilib və 2022-ci ildə yenidən seçilərək vəzifəsini davam etdiribi. Onun hazırkı səlahiyyət müddəti 2029-cu ildə başa çatır.

2022-ci ildə verdiyi açıqlamada Tokayev səlahiyyətlərini konstitusiya dəyişiklikləri ilə uzatmağı planlaşdırmadığını bildirib. Elə həmin il prezidentlik müddətini 5 ildən 7 ilə qədər uzadıb və bir şəxsin yalnız bir müddət xidmət edə biləcəyinə qərar verib.

Konstitusiya Məhkəməsinin bu qərarı Tokayevin 2029-cu ildə yenidən namizədliyini irəli sürməsinə mane olan hüquqi maneəni aradan qaldırır. Lakin Tokayevin bu hüquqdan istifadə edib-etməyəcəyi hələlik məlum deyil.