Sauthempton Universitetinin alimləri Antarktidanın Arktikadan on milyonlarla il əvvəl nəhəng buz təbəqəsi ilə örtülməsinin sirrini açıqlayan yeni bir versiya irəli sürüblər.
Hafta.az xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.
Alimlərin fikrincə, Şərqi Antarktida buzlağı təkcə qlobal soyuma səbəbindən deyil, həm də əbədi qarların toplanması üçün şərait yaradan dağ silsilələrinin yüksəlməsi nəticəsində formalaşıb.
İndiyədək hesab edilirdi ki, təxminən 34 milyon il əvvəl yaranan Yerin ən böyük və ən qədim buz örtüyü əsasən atmosferdə karbon qazının (CO₂) konsentrasiyasının azalması səbəbindən meydana gəlib. Lakin bu fərziyyə Antarktidanın Arktikadan nə üçün 20 milyon il daha tez buzla örtüldüyünü izah etmirdi. Əgər əsas səbəb yalnız CO₂ miqdarının azalması olsaydı, hər iki yarımkürə təxminən eyni vaxtda soyumalı idi.
Bu ziddiyyəti aydınlaşdırmaq üçün mütəxəssislər tektonik proseslərin, iqlimin və buzlaqların qarşılıqlı təsirini təsvir edən kompüter modellərindən istifadə ediblər. Onlar xüsusilə bu gün Antarktida buzlarının qalın qatı altında gizlənən Qamburtsev dağlarına diqqət yetiriblər.
Modelləşdirmə göstərib ki, təxminən 120 milyon il əvvəl Qondvana superqitəsinin parçalanmasından sonra Antarktidanın daxili hissəsi tədricən yüksəlməyə başlayıb. Ərazinin böyük bir qismi dəniz səviyyəsindən iki min metrdən çox hündürlüyə qalxaraq əbədi qar xəttindən yuxarıda yerləşib. Bunun sayəsində, nisbətən isti iqlim şəraitində belə qar tam əriməyib və ilkin buzlaqlar formalaşmağa başlayıb.
Buz örtüyü böyüdükcə müsbət iqlim əks-əlaqə mexanizmi işə düşüb. Soyuq hava əsas istixana qazlarından biri olan su buxarını daha az saxlayır. Atmosfer quruduqca istiliyi daha pis mühafizə edib, bu da soyumanı gücləndirərək buz örtüyünün genişlənməsini sürətləndirib.
Müəlliflər hesab edirlər ki, tektonik yüksəliş və onun ardınca gələn iqlim dəyişikliyinin vəhdəti Şimal yarımkürəsində analoji prosesin başlamasından xeyli əvvəl Antarktidanın buzla örtülməsinə şərait yaradıb. Bu isə o deməkdir ki, Yerin buzlaşma tarixində geoloji proseslər atmosferdəki karbon qazının səviyyəsinin dəyişməsindən heç də az rol oynamayıb.