İngiltərədə aparılan bir araşdırmada müsbət nəticə ilə dəri hüceyrələri 30 il cavanlaşıb və bioloji saat tərsinə çevrilib. Tibb dünyası bunun həyəcan verici bir inkişaf olduğunu bəyan edib.
Hafta.az bildirir ki, İngiltərədəki Babraham İnstitutunun alimləri hazırladıqları yeni texnika ilə 53 yaşlı qadının dəri hüceyrələrini 30 yaşa qədər cavanlaşdıraraq, 23 yaşlı qadının hüceyrələrinə bərabər hala salıblar.
İnstitut mətbuata açıqlamasında elmi araşdırmanın nəticəsinin çox erkən mərhələdə olsa da, bərpaedici tibbdə inqilab yarada biləcəyini vurğulayıb.
İngiltərənin Kembric şəhərindəki Babraham İnstitutundan professor Volf Reykin rəhbərlik etdiyi elm adamları inkişaf etdirdikləri texnika ilə bioloji saatı hüceyrə əsasında 30 il geriyə itələyiblər.
“Babraham İnstitutunda aparılan tədqiqatlar insan dəri hüceyrələri üçün 30 illik “vaxt aralığı” metodu və xüsusi funksiyalarını itirmədən hüceyrələrin qocalma saatını geri qaytaran üsul hazırlayıb”, - İnstitutun press-relizində deyilir. Elmi araşdırma nəticəsində bioloji yaşın molekulyar ölçülərini cavanlaşdırmaqla yanaşı, qocalmış hüceyrələrin funksiyasını qismən bərpa edə bildiyi bildirilib.
Professor Reykin komandası 53 yaşlı dəri hüceyrələrində IPS texnikasından istifadə edərək, daha əvvəl 'Dolly' adlı klonlaşdırılmış qoyunda istifadə edilən texnikanı inkişaf etdirib. Tədqiqat zamanı əldə edilən hüceyrələrin sanki 23 yaşındakı bir gəncdən gəlmiş kimi görünən və hərəkət edən dəri hüceyrələrinə çevrildiyi müəyyən edilib.
Kök hüceyrələr üzərində aparılan araşdırmalara əsaslanan bu yeni metodun klinik sınaqlara keçmədən əvvəl öyrənilməyə davam ediləcəyi bildirilib.