Ötən 6 ay ərzində regionlarda 11 rayonu əhatə edən 6 qəbul keçirilib. 64 ərizə və şikayətlərə baxılıb.
Hafta.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.
Komitə sədri statistik rəqəmlərə diqqət çəkərək, indi kişilərin daha çox zorakılığa məruz qaldığını qeyd edib.
B.Muradova eyni zamanda bildirib ki, məlumatların toplanması ilk növbədə bütün icra hakimiyyətləri yanında fəaliyyət göstərən monitorinq qrupları vasitəsi ilə həyata keçirilir. O, bildirib ki, vətəndaşlar ilk növbədə yerlərdə icra hakimiyyətləri yanında monitorinq qruplarına müraciət etməlidir.
“Əgər birbaşa Komitəyə müraciət edilirsə, biz həmin şəxsi həmin monitorinq qrupuna yönəldirik. Əgər monitorinq qrupu yoxdursa, Komitə məsələyə müdaxiıə edir”.
Komitə sədri “Qadınlara dəstək xətti”-nin fəaliyyətinə diqqət çəkib. Onun sözlərinə görə, 6 ay ərzində “Dəstək xəttinə 2 359 müraciət daxil olub.
O, bu faktın vətəndaşların bu cür özəl təşkilatlara daha rahat müraciət etdiyini göstərdiyini bildirib.
B.Muradova eyni zamanda Komitənin QHT-lərlə əməkdaşlığının müsbət inkişafına diqqət çəkməklə, Komitə yanında ictimai şuralara açıq seçkilərin keçirildiyini vurğulayıb. Onun fikrincə, bu proses Vətəndaş cəmiyyətinin fəaliyyətinin daha uğurlu qurulmasına imkan yaradır.