İnvestorların sənaye parklarına marağı artıb

10:28 29.12.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına investisiya yatıran sahibkarların sayı artıb. Qeyd edək ki, indiyədək sənaye parklarına 6,4 milyard manat investisiya qoyulub və 10 mindən artıq yeni iş yerləri yaradılıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri Elçin İbrahimovun sözlərinə görə, iqtisadiyyatda fəaliyyət göstərən subyektlərin 99 faizdən çoxu mikro-kiçik sahibkarlıq sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləridir: "2021-ci il ərzində bu sektorda 20 milyard dollardan çox dövriyyə formalaşıb ki, bu da ümumi biznesin 32 faizinin bu sektorda, neft və qeyri-neft ÜDM-in isə 56 faizinin bu sektorda formalaşdığının əyani sübutudur. Sənaye parkları ilə bağlı mexanizmin 80 faizi bu sektor vasitəsilə reallaşdırılır".

Yeri gəlmişkən, Azərbaycanda sənaye parkları yaradılarkən xarici ölkələrin bu sahədəki müsbət təcrübəsi öyrənilib, o cümlədən BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınıb. Yalnız bu səviyyədə təhlillərdən sonra Prezidentin 24 aprel 2013-cü il tarixli fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Əsas məqsədi innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, yerli və xarici investisiyalar üçün daha əlverişli mühitin yaradılması, əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması və s. olan sənaye parklarında bir sıra stimullaşdırıcı tədbirlər (sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar, parklar lazımi infrastrukturla təmin edilirlər, torpaq sahəsinin icarə haqqı aşağı həddə müəyyən olunur, inzibati prosedurlar sadələşdirilir, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlər təşkil edilir) tətbiq olunur.

Bundan başqa ölkəmizdə sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb. Agentliyin yaradılmasının əsas məqsədi sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlamaq, həyata keçirilməsini təmin etmək, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərini həyata keçirtməkdir.

Qeyd edək ki, bütün bu imtiyaz və güzəştlər sayəsində sənaye parkları qısa müddət ərzində özlərini doğrultmuş, qarşılarına qoyulan vəzifələrin öhdəsindən gəlmişlər. Məsələn, Prezidentin 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan ölkəmizin və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkının artıq 31 rezidenti var. Fəaliyyət göstərən müəssisələrin faktiki sayı isə 19-a yüksəlib. Həmçinin, İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.

Dövlət başçısının 2011-ci il 28 dekabr tarixli sərəncamı ilə yaradılan Balaxanı Sənaye Parkının idarəedici təşkilatı isə "Təmiz Şəhər” ASC-dir. "Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik olan parkın təşkilində başlıca hədəf təkrar istehsal sahəsinə maraq göstərən potensial sahibkarlar və investorlar üçün əlverişli şərait təşkil etməkdir. Ümumilikdə, Parkda 25 rezident qeydiyyata alınmış və onlardan 16-sı fəaliyyətə başlamışdır.

Dövlət başçısının 2015-ci il 3 iyun tarixli sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkının əsas vəzifəsi ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına dəstək verməkdir. İdarəedici təşkilatı İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Sumqayıt Kimya Sənaye Parkı” MMC olan bu parkın bir rezidenti ("Bakı Gəmiqayırma Zavodu” MMC) var.

"Sumqayıt Kimya Sənaye Parkı” MMC Prezidentin 2015-ci il 26 fevral tarixli sərəncamı ilə yaradılmış Mingəçevir Sənaye Parkının da idarəedici təşkilatıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsal edən və xidmətlər göstərən parkda rezident kimi qeydiyyata alınmış "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon dollar, illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki 2018-ci ilin fevralında Prezidentin iştirakı ilə istifadəyə verilmişdir. Avadanlıqları Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınan həmin fabriklərdə 750 nəfər çalışır.

Əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə 30 hektar ərazidə isə Pirallahı Sənaye Parkı yaradılıb. Hazırda Pirallahı Sənaye Parkında 5 müəssisə rezident kimi qeydiyyatdan keçib ki, bunlardan da artıq 2-si fəaliyyətə başlayıb.

Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə quruculuq və abadlıq işlərinin uğurla həyata keçirilməsi, eləcə də əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi məqsədilə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşdırılması, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafı və zəruri stimulların tətbiqinin xüsusi əhəmiyyəti nəzərə alınaraq, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə Ağdam şəhərində 190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Sənaye parkında 190 hektar sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib və parkın baş planı hazırlanıb. Hazırda layihələndirmə işləri yekunlaşmaq üzrədir. Parkda artıq 7 sahibkara sənaye parkının rezidenti statusu verilib. Həmin rezidenlər “Müxtəlif çeşidli sintetik xalça  istehsalı” layihəsi üzrə “Dadaş-N” MMC, “Prefabrik dəmir-beton məmulatları istehsalı” layihəsi üzrə “Veliev” MMC, “Uniforma, xüsusi və fərdi geyimlərin istehsalı” layihəsi üzrə “Ağtekstil” MMC, “Dam örtüklərinin istehsalı” layihəsi üzrə “Prof-Dam” MMC, “Havalandırma, yanğınsöndürmə avadanlıqlarının və metal məmulatların istehsalı” layihəsi üzrə “Metkons” MMC, “Metal profil və anbar stellajlarının istehsalı” layihəsi üzrə “Agah Group” MMC”, “Ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı” layihəsi üzrə “Expert Services FZE” Məhdud Məsuliyyətli Azad Zona Müəssisəsinin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə logistika və ticarət fəaliyyətinin həyata keçirilməsi, xidmətlərin göstərilməsi, sənaye istehsalının dəstəklənməsi və əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi məqsədilə  Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 oktyabr tarixli Fərmanına  əsasən Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkı azad edilmiş ərazilərdə aparılan bərpa və yenidən qurma işləri üzrə logistika mərkəzi funksiyasını və Zəngəzur dəhlizi üzrə nəqliyyat potensialından səmərəli istifadə olunması üçün logistik baza rolunu yerinə yetirəcəkdir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da işlər mərhələli şəkildə həyata keçirilir. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi olan “KAMAZ Lizinq Azərbaycan” MMC “Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətlərinin göstərilməsi” layihəsi üzrə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Regional servis mərkəzində “KamAZ” ilə yanaşı digər yük avtomobilləri, eləcə də kənd təsərrüfatı texnikalarına, o cümlədən traktor və kombaynlara texniki servis xidməti göstəriləcəkdir. Gələcəkdə Sənaye Parkında logistika və anbar kompleksləri, TIR parkı, topdan və pərakəndə satış obyektləri və müxtəlif istehsal və xidmət müəssisələrinin fəaliyyəti nəzərdə tutulur.

Oxunma sayı 10729