Xəzər Boru Kəməri Konsorsiumu əməliyyatları dayandırıb

11:12 20.07.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Qara dəniz və Azov dənizlərində Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi kölgə donanmasına məxsus gəmiləri hədəf alan əməliyyatlarını artırmasından sonra Xəzər Boru Kəməri Konsorsiumu (XBKK) neft yükləmə əməliyyatlarını dayandırdığını açıqlayıb.

Hafta.az yazır ki, XBKK qərarın dünən Rusiyanın Qara dəniz sahillərindəki terminalında iki neft tankerinə edilən hücumla əlaqədar verildiyini bildirib.

“Reuters”in məlumatına görə, XBKK neft yükləmə əməliyyatları zamanı ASIA və NISSOS IOS tankerlərinə hücum edildiyini və nəticədə baş verən yanğının söndürüldüyünü bildirib.

Bəyanatda hücumlarda XBKK işçilərinin və ya podratçılarının xəsarət almadığı və neft dağılmalarının olmadığı qeyd edilib.

Ümumi uzunluğu 1511 kilometr olan XBKK boru kəməri, Qazaxıstanın qərbindəki Tengiz, Karaçiqanak və Kaşağan kimi əsas neft yataqlarından çıxarılan nefti Rusiyanın Qara dəniz sahilindəki Novorossiysk limanı vasitəsilə Avropa bazarlarına nəql edir.

Məlumdur ki, Qazaxıstan neftinin təxminən 80 faizi bu boru kəməri ilə ixrac olunur.