Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və “Care Group”un təşkilatçılığı, PAŞA Bankın maliyyə dəstəyi ilə “Gələcəyi birlikdə quraq!” (“Empowering Futures”) sosial layihəsinə başlanılıb.
Agentlikdən hafta.az-a verilən məlumata əsasən, layihə Agentliyin uşaq evi sosial xidmət müəssisələrində yaşayan 13-18 yaş aralığında olan 40 gənci əhatə edir.
Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olmuş gənclərin əmək bazarına hazırlıq səviyyəsinin artırılması, onların gələcək karyera seçimlərini daha məsuliyyətli şəkildə formalaşdırmalarına dəstək göstərilməsidir.
Layihə çərçivəsində iştirakçıların təlim nəticələri, bacarıqları, maraq dairələri və inkişaf potensialı nəzərə alınmaqla fərdi inkişaf istiqamətləri müəyyən ediləcək. Tərəfdaş təşkilatlarla əməkdaşlıq çərçivəsində seçilmiş iştirakçılar üçün təcrübə proqramları, mentorluq dəstəyi və potensial məşğulluq imkanları da qiymətləndiriləcək.
Sosial layihənin gənclərin peşəkar inkişafına və əmək bazarına inteqrasiyasına töhfə verməsi nəzərdə tutulur.