Vüqar Əhmədov Xankəndidə vətəndaşlarla görüşdü

17:15 20.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov iyulun 20-də Xankəndi Elektrik Şəbəkəsinin inzibati binasında Xankəndi, Şuşa, Xocalı və Ağdərədə yaşayan vətəndaşlarla görüşüb.

ASC-dən hafta.az-a bildirilib ki, görüş zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə əlaqədar yazılı müraciət qeydə alınaraq aidiyyəti şöbələrin icraatına göndərilib.

Adıçəkilən şəhər və rayonların sakinləri regionların elektrik şəbəkələrində həyata keçirilən yenidənqurma işləri barədə məmnunluqlarını ifadə edib, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

“Azərişıq” ASC-nin həyata keçirdiyi yenidənqurma və maarifləndirmə tədbirləri kimi regionlarda vətəndaşlarla təşkil olunan görüşlər də abonentlərin dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsinə hədəflənib.