Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Milli Mətbuatın 151 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, sədr müavinləri Xalq artisti İlham Namiq Kamal İlham Namiq Kamal və Əməkdar artist Azad Şükürov media mənsublarını Milli Mətbuat Günü münasibətilə təbrik ediblər. Natiqlər jurnalistlərin cəmiyyətin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və mədəniyyətimizin işıqlandırılması sahəsindəki xidmətlərini yüksək qiymətləndiriblər.
Çıxışlarda teatr ilə mətbuat arasında hər zaman sıx əməkdaşlıq və qarşılıqlı etimada söykənən münasibətlərin mövcudluğu vurğulanıb. Qeyd olunub ki, teatr cəmiyyətin güzgüsüdürsə, mətbuat da həmin güzgüdəki mənzərəni geniş auditoriyaya çatdıran və mədəniyyət hadisələrini salnaməyə çevirən mühüm vasitədir. Peşəkar jurnalistikanın inkişafının teatr sənətinin təbliğinə, milli mənəvi irsin qorunmasına və cəmiyyətin estetik zövqünün formalaşmasına böyük töhfə verdiyi diqqətə çatdırılıb.
Tədbirin sonunda teatr sahəsində çalışan, eləcə də bu sənətin təbliğində fəal iştirak edən media nümayəndələri Azərbaycan Teatr Xadimləri İttifaqının “İttifaqın dostu” diplomu, “Teatr fədaisi” medalı və fəxri fərmanları ilə təltif olunublar.