İsrail Türkiyə ilə münasibətlərdə gərginliyi davam etdirmək istəmir - Politoloq

15:46 10.03.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Gözlənildiyi kimi, martın 9-da İsrail Prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri baş tutdu. Ərdoğan və Hersoq Ankarada ilk öncə təkbətək görüşüblər. Liderlər arasında daha sonra geniş tərkibdə görüş olub. Bunun ardınca isə tərəflər mətbuat konfransı keçirib.

“Görüşün təfərrüatlarına keçmədən öncə onu qeyd edim ki, bu son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir. Türkiyə ilə İsrail arasındakı əlaqələrdə ilk açıq gərginlik 2009-cu ilin yanvarında Davos Forumunda hiss edilmiş, həmin tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fələstin məsələsinə görə İsrail Prezidenti Şimon Peresi sərt şəkildə tənqid etmişdi”. 

Bunu Hafta.az-a açıqlamasında politoloq Turan Rzayev söyləyib.

“İki ölkə arasında gərginlik  2010-cu il mayın 31-dən Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını sonrası isə pik həddə çatmışdı. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi. Bu mənada Hersoqun Türkiyəyə səfəri iki ölkə münasibətləri və regionun gələcəyi baxımından tarixi əhəmiyyət kəsb edir”- deyə siyasi şərhçi açıqlamasının davamında bildirib.

“Türkiyə üçün Fələstin Qırmızı cizgidir!..”

“Görüş sonrası Prezident Ərdoğan mətbuata açıqlamasında israilli həmkarı ilə səmərəli müzakirələr apardıqlarını, bu tarixi səfərin Türkiyə-İsrail münasibətlərində yeni dönüş nöqtəsi olacağına inandığını bildirib. Ərdoğanın çıxışında ən diqqətçəkən məqam isə onun Fələstin məsələsinə toxunmasıdır. Belə ki, o qeyd edib: "Əməkdaşlıq əlaqələrini yüksək dəyərləndirdik. Həmçinin Fələstin məsələsində həssaslığımızı bir daha açıq şəkildə ortaya qoyduq".

Türkiyə Prezidenti bununla Fələstinin Türkiyə üçün hələ də qırmızı cizgi olduğunu bu məsələdə rəsmi Ankaranın mövqeyinin dəyişmədiyini göstərmiş oldu. İki ölkə münasibətləri normallaşsa da, Türkiyə üçün Fələstin hər zaman prioritet məsələ olaraq qalacaq. Hesab edirəm İsrail Fələstinə qarşı heç bir aqressiv siyasət tədbiq etməyəcəyi təqdirdə Türkiyə ilə münasibətlər əvvəlki səviyyəyə qədər inkişaf edə bilər.  Görünür, İsrail tərəfi də Türkiyənin Fələstin həssaslığını anlayır və bunu nəzərə alır. Bunu İsrail Prezidenti İshaq Hersoqun mətbuata açıqlaması təsdiq edir. Belə ki, o, "Biz birlikdə gələcəyə baxmaq yolunu seçmişik. Anlaşmazlıqları gələcəyə baxaraq aradan qaldıracağıq" -deyib.

Hersoqun timsalında deyə bilərik ki, rəsmi Təl-Əviv Ankara ilə mövcud gərginliyi hələ tam həll etməyib, amma gərginliyi davam etdirmək istəmir. Bu mənada gərginlik yaradan məsələləri zamana buraxır”- deyə politoloq vurğulayıb.

Həmsöhbətimiz Türkiyə və İsrail dövlət başçılarının iqtisadi münasibətlərə yer ayırdıqlarını qeyd edib.

“İqtisadi maraqlar siyasi maraqları üstələyir...”

“Dövlət başçıları sonda enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığa hazır olduqlarını bildiriblər. Həmçinin Türkiyə hökumət üzvlərinin İsrail və Fələstinə səfəri ilə bağlı razılıq əldə olunub. Türkiyə və İsrail arasında siyasi əlaqələrin kəsilməsinə baxmayaraq bu günə qədər iki ölkə arasında iqtisadi münasibətlərin həcmi artıb. Ötən il Türkiyə ilə İsrail arasındakı ticarət dövriyyəsi 8.5 milyard dollar təşkil edib. İki ölkə 2022-ci ilə qədər ticarətin həcmini yüksəldərək 10 milyard dolları keçməsini hədəfləyir.  Bu istiqamətdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun aprel ayında İsrailə səfər edəcəyi açıqlanıb. Çavuşoğlunun ardınca isə enerji və təbii sərvətlər nazirimizin İsrailə səfəri baş tutması gözlənilir.

İsrail və Türkiyə arasında mövcud əlaqələrin normallaşmasında enerji faktoru olduqca önəmlidir. Məsələ ondadır ki, Türkiyə hazırda regionda enerji daşıyıcısı ölkə olmaq niyyətindir. İsrail də öz növbəsində “Tamar” və “Leviatan” qaz yataqlarından Avropaya qaz ixrac etməklə regionda önəmli enerji oyunçusuna çevrilmək istəyir. Lakin bu ölkənin nə Avropa ilə, nə də Türkiyə ilə birbaşa quru bağlantısı yoxdur. Bunu Ankara da yaxşı bilir. Türkiyə onu da bilir ki, o, enerji ölkəsi deyil. Əksinə, Avropa ölkəsi kimi təbii qaz asılılığı olan ölkədir. Bununla belə, Ankara daşıyıcı ölkə olaraq İsrail qazını Avropaya ötürə bilər. Bu istiqamətdə İsrailin “EastMed” layihəsi bir daha gündəmə gəlir. Yunanıstan, Kipr və İsrail Şərqi Aralıq dənizindən uzunluğu 1900 km olan və Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql etmək potensialı olan qaz kəməri icra edilsə, İsrailin təbii qazı Avropa bazarına çıxış əldə edə bilər. Layihə ilə bağlı əsas problemlərdən biri “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməklə Avropaya qaz ixracını nəzərdə tutmasıdır. Türkiyənin İsraillə bu məsələdə uzlaşmaq istədiyi görünür. Ankara “EastMed” qaz kəmərinin Türkiyədən yan keçməsini deyil, əksinə, onun ərazisi ilə TAP və TANAP layihəsinə birləşməsini istəyir” –deyə politoloq şərhini tamamlayıb.