İtaliyada hökumətlə məhkəmə arasında böhran dərinləşir

10:55 13.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İtaliyada Giorgia Meloni başda olmaqla ifrat sağçı hökumət koalisiyanın aparıcı simalarına qarşı başladılan mübahisəli araşdırmalara görə İtaliya məhkəmə sistemi ilə güc mübarizəsinə girib.

Hafta.az-ın "Euractiv"ə istinadən yazdığına görə, Meloni administrasiyası ədliyyə sistemində olan bir qrup hakimi gələn il keçiriləcək Avropa Parlamentinə seçkilər öncəsi fəal müxalifət rolunu oynamaqda və hökuməti devirməyə cəhd etməkdə ittihamlayıb.

İtaliyada turizm naziri Daniela Santançenin biznes əlaqələri ilə bağlı aparılan araşdırmadan sonra hökumətlə məhkəmə sistemi arasında gərginlik qaynar nöqtəyə çatıb. Sanctançe ötən həftə parlamentdəki çıxışında onun araşdırılması ilə bağlı iddiaları rədd edib. Lakin həmin söhbətdən qısa müddət sonra məhkəmə mənbələri Santançenin oktyabr ayından bəri iflas və saxta mühasibat qeydləri ilə bağlı təhqiqat altında olması barədə məlumat sızdırıb.

İtaliya hökumətinin məhkəmə sistemini günahlandırdığı başqa bir işdə isə Meloninin İtaliya Qardaşları Partiyasından Andrea Delmastroya qarşı istintaqın dayandırılması tələbini rədd edən hakim sıx tənqidlərə məruz qalıb.

İtaliyada həbsdə olan anarxist Alfredo Kospitonun vəziyyəti ilə bağlı parlamentdə çıxış edən Delmastro məxfilik qaydalarını pozmaqda günahlandırılıb.

Koalisiya ortağı "Forza İtaliya"dan Maurizo Qasparri İtaliya məhkəmə sistemini “konstitusiyaya hücumda” günahlandırdı, hakimlər isə ittihamlara tez cavab verdilər. Hakimlər Birliyinin baş katibi Salvatore Kasayaro, irəli sürülən ittihamların məhkəmə sisteminin etibarına hücum olduğunu ifadə edərək, “Bunu etmək, məhkəmə sistemini qanunsuz etməkdir, çünki hakim yalnız öz işini səylə yerinə yetirir və siyasətçinin narahatlığına səbəb olan bir işə baxır” deyib.

Təqaüddə olan hakim Karlo Sorgi isə, "Qanuni sərhədlər daxilində hərəkət etməyən bu sağçı hökumət, qanuni məhdudiyyətləri tətbiq etməyə çalışanlarla qaçılmaz olaraq toqquşacaq. Onlara qarşı iddia açıldıqda, onlar qalmaqal yaradır. Bu, gülüncdür. Əslində, ictimaiyyətin hakimlərə inamını azaltmaq üçün onlara hücum edirlər” deyə bildirib.

Məlumdur ki, İtaliyadakı Meloni hökuməti sui-istifadə cinayətinin aradan qaldırılması və telefon dinləmələrinin məhdudlaşdırılması kimi addımlar atıb. Hakimiyyət də hakim və prokurorların karyera yollarını ayıraraq bir vəzifədən digərinə keçidin qarşısını almağa çalışır.

Bəzi məhkəmə üzvləri bu addımı “məhkəmə orqanlarına cəza” kimi qiymətləndirir.