ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartinin istefaya göndərilməsinin əks-sədası davam edir. Respublikaçı siyasətçi təxminən 9 ay əvvəl seçildiyi vəzifəsindən məhz öz partiyasının səsi ilə uzaqlaşdırılıb.
Hafta.az-ın yazdığına görə, gələn il seçkilərin yaxınlaşdığı və maliyyə dəstəyi paketi ilə bağlı böhran səbəbiylə hökumətin bağlanmaqdan zərrə qədər qaçdığı bir mühitdə keçirilən səsvermə, Amerika siyasətində Demokratlar və Respublikaçılar arasındakı fikir ayrılığının nə dərəcədə olduğunu da ortaya qoydu.
Makkartinin işdən çıxarılması ilə bağlı prosesi 5 sualda toplamaq mümkündür:
1. Səsvermə prosesi necə keçdi?
Makkartinin istefaya göndərilməsi ilə bağlı təklifi radikal sağçı respublikaçı Mett Gitz irəli sürüb. Təklifin qəbulu üçün bazar ertəsi gecə keçirilən səsvermədə təklif 208 əleyhinə 218 səslə təsdiq edilib.
Çərşənbə axşamı günorta keçirilən səsvermədə 208 demokrat və 8 respublikaçı Makkartinin istefaya göndərilməsinə səs verib. Belə ki, 210 əleyhinə 216 səslə 58 yaşlı siyasətçi Nümayəndələr Palatasının sədri vəzifəsindən azad edilib.
Makkarti ölkə tarixində bu vəzifədən qovulan ilk şəxs olub.
2. Niyə öz partiyası Makkarti ilə düşmənçilik etdi?
Makkarti ötən həftə hökumətin bağlanmasının qarşısını almaq üçün maliyyələşdirmə prosesində Demokratların tərəfini tutaraq respublikaçıların tənqidinə səbəb oldu. Hökumətə 45 gün vaxt verən büdcə layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasında 91 əleyhinə 335 səslə qəbul edilib. Demokratların çoxluq təşkil etdiyi Senata təqdim edilən qanun layihəsi burada 9 əleyhinə 88 səslə təsdiqlənib.
ABŞ prezidenti Co Bayden də hökumətin bağlanmasına saatlar qalmış qanun layihəsini imzalayıb. Bayden açıqlamasında deyib: "Biz bu vəziyyətdən qaçmaq üçün Makkarti ilə razılaşdıq, lakin radikal sağçı respublikaçılar prosesi əngəllədilər".
Respublikaçı qanaddakı radikal sağçılar hökumətin bağlanması təhlükəsindən büdcədə xərclərin azaldılması üçün vasitə kimi istifadə etmək istəyirdilər. Bu ixtisarların ən mühümü Ukraynaya müharibədə verilən maliyyə dəstəyinin dayandırılmasıdır.
3. Tramp necə münasibət sərgilədi?
Gələn il keçiriləcək prezident seçkilərində yarışacaq Donald Trampın partiyadaxili debatda tərəf tutmaması diqqət çəkib. Makkartinin işdən çıxarılması ilə bağlı vəsatət qaldıran Gitz də Trampa yaxın şəxslərdəndir. ABŞ-ın keçmiş prezidenti noyabrın 2-də Ayova ştatında seçkiqabağı kampaniyası zamanı çıxışında bunları deyib: "Mən Makkartinin işdən çıxarılması ilə bağlı proses haqqında heç nə bilmirəm. Amma mən həm Gitz, həm də Makkartini çox bəyənirəm".
Səsvermədən bir müddət əvvəl “Truth Social” sosial media platformasında verdiyi açıqlamada Tramp partiyadaxili döyüşlərə reaksiya göstərərək, “Başa düşmürəm ki, respublikaçılar xalqımızı məhv edən radikal solçu demokratlarla mübarizə aparmaq əvəzinə niyə öz aralarında vuruşurlar?" deyib.
Trampın köməkçisi Mayk Pens “Bir ovuc respublikaçının Demokratlarla əməkdaşlıq etməsindən və Makkartini işdən çıxarmasından çox məyus oldum” deyə inciklik nümayiş etdirib.
4. Makkartini kim əvəz edəcək?
Makkarti vəzifəsindən azad edildikdən sonra onun yerinə müvəqqəti olaraq Respublikaçılar Partiyasından Patrik MakHenri təyin edilib. Qanuna görə, Makkarti vəzifəsini tərk edəcəyi təqdirdə müvəqqəti əvəzləyici seçə bilər.
Kriptovalyuta sənayesinə verdiyi dəstəyi ilə gündəmə gələn MakHenry, Bitcoin-in gələcəyin texnologiyası olduğunu söyləyib.
Makkartini əvəz edə biləcək namizədlər hələ müəyyən edilməyib. Amma mümkün adlar arasında respublikaçıların nümayəndəsi Stiv Skalisin adı çəkilir.
Nümayəndələr Palatasının əksəriyyətinin lideri Skalis bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə alır. Gitz bazar ertəsi verdiyi açıqlamada, "Mən Skalisin xərçəng xəstəliyinə tutulduğu üçün onu görməməzlikdən gəlməyəcəyəm" deyib.
Çərşənbə axşamı CNN-ə verdiyi müsahibədə Gitz Makkartinin səsləri pulla satın alaraq Nümayəndələr Palatasının sədri olduğunu iddia edərək, "Biz ondan qurtulduq. Onun yerinə Skalis vəzifəyə gəlsəydi, çox yaxşı olardı" deyib.
Nümayəndələr Palatasının Qaydaları Komitəsinin Respublikaçı sədri Tom Koul da hər şeyin qeyri-müəyyən olduğunu vurğulayıb: “Bundan sonra nə olacağını heç kim bilmir. Bura Makkartinin impiçmentinə səs verənlər də daxildir. Onların heç bir planı yoxdur. Onların alternativi yoxdur. Deməli, bu, sadəcə, xaos qutusuna atılan səsdir”.
Respublikaçı siyasətçilər oktyabrın 10-da mümkün namizədləri müzakirə etmək üçün bir araya gələcəklər. Səsvermənin oktyabrın 11-də keçiriləcəyi gözlənilir.
5. Makkartinin "rekordu" ilə kim yarışır?
Makkarti son 147 ildə cəmi 269 gün vəzifə yerinə yetirərək Nümayəndələr Palatasının ən qısamüddətli sədri olub.
CNN-in paylaşdığı məlumatlara görə, ABŞ tarixində ən qısamüddət Nümayəndələr Palatasının sədri olmuş şəxs respublikaçı Teodor M.Pomeroydur. 1869-cu ildə işə başlayan Pomeroy bu vəzifədə cəmi bir gün qalıb.
Pomeroydan sonra 1875-1876-cı illərdə 257 gün Nümayəndələr Palatasının sədri vəzifəsində çalışmış demokrat Maykl C. Kerr gəlir.
Üçüncü yerdə öz partiyasının səsləri ilə vəzifəsindən uzaqlaşdırılan Makkartidir.