Adasından ayrı qalmış Çin və inadkar qoca Nensi (GÜNDƏM)

14:20 03.08.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Neçə gündür dünyada hər kəs – süpürgəçisindən tutmuş nazirinə, prezidentinədək hamı ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana gözlənilən səfərini müzakirə edir, mütləq nələrinsə baş verəcəyini deyirdi. Hətta region ölkələrində yaşayan bir çoxları daha da irəli gedərək endiriləcək nüvə zərbəsinin fəsadlarından qorunmaq üçün ehtiyyat tədbirlər də görürdü. Budur, Nensi Tayvana gəldi, amma düşünülənlərin-deyilənlərin heç biri olmadı: nəinki atom bombası partladı, heç ov tüfəngindən güllə atan da olmadı...

Əlbəttə, ağlı başında olan heç kim müharibə arzulamır. Söhbət baş verən hadisələrin fonunda haqqın kimin tərəfində olmasındadır. Haqlı arayışındaykən, öncə Tayvan probleminin tarixinə qısaca nəzər yetirək.

Qədim tarixinə varmayacağam, yüzillər boyunca müxtəlif sülalərin hakimiyyəti dövründə əl dəyişən Tayvan adası ən son olaraq 1895-ci ildən 1945-ci ilədək Yaponiyanın nəzarətində olub. Amma əlbəttə, II Dünya Müharibəsində Yaponiyanın məğlub olmasıyla Tayvan adası yenidən öz ana hissəsinə - Çinə birləşib.

Birmənalı şəkildə bilməliyik ki, Çin Xalq Respublikası ilə Tayvan arasında milli-etnik, mədəni-mənəvi, dil, adət-ənənə, tarix və sair müstəvilərdə hər hansı ayrılıq yoxdur. Onları bir-birindən siyasi idealogiya ayırır. Yəni II Dünya Müharibəsindən sonra Çində Millətçi Partiya ilə Kommunist Partiyası arasında gedən hakimiyyət uğrunda siyasi mübarizədə və hətta bir çoxlarının təbirincə desək, müharibədə - 1949-cu ildə Kommunist Partiyası qalib gəlib. Amma yenilgisini qəbul etməyən Millətçi Partiyanın liderləri və üzvlərinin böyük hissəsi Tayvan adasına qaçıblar. Ora yerləşən kimi də partiyanın lideri Çiang Kayşek adada fövqəladə vəziyyət elan edir, Tayvanda Millətçi Partiyadan başqa hər hansı siyasi təşkilatın yaradılmasını yasaqlayır. Müasir dillə desək, adada diktatura hakimiyyəti qurur, insanların söz, fikir söyləmək, sərbəst toplanma, siyasi tərəfini seçmə azadlığını qadağan edir. Niyə, çünki o zamanlar Çində və bütün region ölkələrində sürətlə yayılan kommunizm dalğasının adaya çatacağından qorxurdular.

Beləliklə, Çiang Kayşek Tayvana yerləşib, özünü Çinin qanuni rəhbəri və hökuməti elan edəndən sonra, dünyaya bildirib ki, 1912-ci ildə qurulmuş Çin Respublikasının davamçısı, yəni qanuni varisi onlardır.

Əlbəttə, onların mövqeyi Çin Xalq Respublikası tərəfindən qəbul edilməyib. Amma ən pisi odur ki, Tayvan “Çin Respublikasının varisi” olaraq 1971-ci ilədək BMT-də Çini təmsil edib. Hətta 1950-60-cı illəri əhatə edən 20 illik zaman kəsiyində bəzi ölkələr Tayvanla əlaqə qurmağa çalışıb. 1971-ci ildə BMT Baş Məclisində keçirilən səsvermə zamanı Pekin hökuməti Çin dövlətinin və xalqının tək və mübahisəsiz iqtidarı olaraq tanınıb. Bundan sonra Çində kommunizmin mövcudluğunu həzm etməyən barmaqla sayılacaq ölkələrin – onlar 23 ölkə olub - indiyədək Çinlə Tayvan arasında var-gəl etdiyini görməkdəyik.

Belə demək olarsa, bugünki Tayvan problemi kapitalizmlə sosializmin çəkişməsindən - “Soyuq müharibə”dən qalan sağalmaz yaradır. Tayvanı Çindən ayıracaq hər hansı məntiqli səbəb yoxdur və ola da bilməz. Siyasi məsələləri kənara qoysaq, vahid Çin mədəniyyətinin və tarixinin parçaları olan Tayvan və Çin Xalq Respublikası arasında yeganə sədd 150 kilometrlik boğaz sularıdır, vəssalam. Hətta BMT Baş Assambleyasında Çinin hüquqları təsbit ediləndən sonra ABŞ-ın özü də Ping-Pong diplomatiyası sayəsində Tayvan adası daxil, Çin Xalq Respublikasını bütöv halda, müstəqil və bərabərhüquqlu dövlət olaraq tanıyıb, hərtərəfli əlaqələr qurub.

Bu arada, Nensi Pelosi, 1997-ci ildə Çinin ərazi bütövlüyünü pozaraq, beynəlxalq hüququ tapdayaraq Tayvana səfər edən Nümayəndələr Palatasının o vaxtkı sədri Nyut Ginqriçdən 25 il sonra adaya qeyri-qanuni gələn ikinci yüksək rütbəli amerikalı dövlət təmsilçisidir.

İndi baxıram, bütün müxlifət qrupu Nensi Pelosini qəhrəman edib. Ən pisi odur ki, Musavat Partiyasının başqanı Arif Hacılı öz paylaşımında Nensi Pelosinin Tayvana gəlişinə cəsurluq donu geyindirib. Bu 82 yaşlı qarının hansısa dövlətin parçalanmasına xidmət edən qeyri-qanuni və müharibələrə səbəb ola biləcək səfəri necə vəsf edilə bilər? Axı neçə vaxtdır səfərlə bağlı yaranan gərginlik barədə eşidir və bilir, anlayır ki, Şərqi Asiya müharibə meydanına çevrilə, yüz minlərlə, milyonlarla insanın qanı tökülə bilər onun səfəri nəticəsində. Amma o gəldi...

Nensini cəsur adlandıranlar, ona o vaxt cəsur deyərdim ki, sadə vətəndaş kimi, otura təyyarəyə və birbaşa, yaxud tranzit yolla gələ Tayvana, aşkar şəkildə sözünü deyə, Çinə də acıq verib gedə. Bəlkə onda deyə bilərdim ki, bu qadın şir ürəyi yeyib. Amma havada bir sürü “F-16” təyyarəsinin, yerdə təyyarədaşıyan gəmilərin, qitələrarası raketlərin, orda-burda mövqe tutan on minlərlə Amerika əsgərinin müşayiəti ilə Taybeyə enmək cəsurluq yox, qorxaqlığın təcəssümüdür. Onun gəlişi indiki nəsillərə cəsurluğu yox, təxribat yaratmağın, xalqları müharibəyə sürükləməyin, qan tökməyin, millətlər arasında bitib-tükənməyən nifrəti aşılamağın, qardaşı-qardaşa (Çinlə Tayvan qardaşdır – V.T.) düşmən etməyin yollarını aşılayır, təbliğ edir.

Musavat başqanı deyir ki, nə Nümayəndələr Palatasının sədri, nə də hər hansı yüksək rütbəli amerikalı rəsmi heç vaxt Qarabağa səfər etməyib. Hansı ki, ikigündənbir amerikalı konqresmenlərin Xankəndidə poza verib şəkillər çəkdirdiyini görürdük. Ola bilər cənab başqanın fikrincə konqresmenlər elə-belə adamlardır, amma yanılır, məhz onlar Co Baydenə imkan vermədilər ki, Türkiyəyə silah satsın. Məhz həmin konqresmenlər Azərbaycana qarşı “907-cü düzəlişi” tətbiq etməklə, haqlı olduğumuz, torpaqlarımız işğal edildiyi, evlərimiz başımıza uçurulduğu, insanlarımız qətlə yetirildiyi halda bizi günahkar, işğalçı, qantökən adlandırıb, işğalçıların və qatillərin tərfində dayandılar, onlara işğal müddətində iki milyard dollardan artıq təmənnasız yardım göstərdilər. Nə isə...

Hə, yadımdan çıxmışdı tamam, şanlı 44 günlük Vətən müharibəsindən cəmi bir il öncə konqresmen Frenk Pallone işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerli separatçılarla görüşüb, vədlər verir, gətirdiyi yardımları sahiblərinə çatdırırdı. Özü də bu şəxs ilk dəfə gəlməmişdi, 2017-ci ilin sentyabrında da konqresmen həmkarı Tulsi Qeburdla birlikdə işğal olunmuş Azərbaycan ərazilərində - şəhid oğul və qızlarımızın qanına boyanmış torpaqlarda ağa kimi gəzib kef edirdi. Bu səbəbdən də Frenk Pallone ilə yanaşı, konqresmenlər David Valadao, Cek Spayer və Tulsi Qabbardın adları Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına daxil edilmişdi. Hə, konqresmen Cudi Çu da Qarabağa gəlib ermənilərlə həmrəylik nümayiş etdirən amerikalı qanunverici düşmənlərimizdəndir...

Tayvan məsələsindən danışarkən Qarabağ münaqişəsini niyə mövzuya daxil etdim, ona görə ki, Amerikanın nəzərində ikisi də eyni mahiyyətlidir. Necə ki, Tayvanı vaxtilə Çinin tərkib hissəsi kimi tanısa da, bu ölkəni parçalamağa, zəiflətməyə və bölgədə istədiyi siyasi ab-havanı yaratmağa çalışan ABŞ, ötən 30 il ərzində Qarabağ məsələsində də eyni cür davranıb. 30 il ərzində həmsədrlik etdiyi münaqişənin həlli prosesində bircə addım belə atmadı, mənfur “907-ci düzəliş”i isə qüvvədə saxladı, erməni separatçılara yüz milyonlarla dollar həcmində yardımlar göndərdi və sair. Yuxarıda adlarını qeyd etdiyim və etmədiyim konqresmenlər Xankəndidə peyda olanda etiraz səsimizi qaldırırdıq, qışqırırdıq, eşidilmədiyimizi görüb bəzən hirsimizdən ağlayırdıq, amma Nensi Pelosi kimilər səsimizi eşitmirdi və ya özlərini kar yerinə qoyurdular. Amma Çin millət vəkillərini Qarabağda görən oldumu bu müddətdə, yox. Çin dövləti, müstəqil olduğu 30 il ərzində Azərbaycana mütəmadi yardımlar edib, inkişafına dəstək verib. Əslində Çinin tarixən yolu budur: bu ölkə iqtisadiyyatını inkişaf etdirir, başqa ölkələrlə münasibətlərini də iqtisadi-ticarət müstəvisində qurur. Türkiyəli professor Nihat Adsız Hüseyin məşhur “Göktürklər” romanında qeyd edir ki, çinlilər tarix boyu ticarət edib, öz güzaranlarını yaxşılaşdırmaqla məşğuldurlar, onlara başqa ölkələrə ordu yeridib qan tökmək maraqlı deyil. Bu gün Nensi Pelosinin rəhbərlik etdiyi Nümayəndələr Palatasının üzvləri Ağ Evi məcbur edirlər ki, zamandan 100 il geri qalmış məzlum Afrika qitəsi ölkələrində iqtisadi əməkdaşlığı pik səviyyəsinə çatdıran Çinin qarşısını kəssin. Sual olunur, niyə, iqtisadi əməkdaşlıq edir, siz də edirsiniz... Çinin dünyada artan iqtisadi qüdrətini azaltmaq üçün mütləq onunla savaşmaq lazımdır? Ondansa ədalətli əməkdaşlıq edin, dost olun ki, dünyaya da dostluq ixrac edə biləsiniz.

Sonda demək istəyirəm ki, Çinin dərdini biz azərbaycanlılardan yaxşı heç kim anlaya bilməz. Çünki 30 il ərzində başımıza oyunlar açan Qərb, o cümlədən Amerika rəhbərləri hətta iki 30 ildir ki, eyni oyunu Çinin başına gətirir. Necə ki, Qarabağ tarixən Azərbaycanın ayrılmaz parçası olub və olacaq, eynilə Tayvan da Çinin bir parçasıdır və belə də qalacaq. Bu gün təyyarələrlə minlərlə kilometr uzağa uçub təxribata, potensial müharibələrə səbəb vermək cinayətdir. Bu dövlət səviyyəsində, dövlətin hərbi gücündən sui-istifadə edərək bəşəriyyətə qarşı edilən cinayətdir. Üzünüzü görməsələr belə, adınıza yarınan, sizi cəsur, qəhrəman, özlərinin, yaxınlarının, nə bilim bəşəriyyətin anası hesab edən gizli niyyətli insanların dediklərinin əksinə, yaşınızın bu vaxtında həqiqətən cəsur Nensi olmaq istəyirsinizsə, sülhə zərər verəcək heç bir addım atmayın...

Siyasət rubrikasından digər xəbərlər