Akkreditasiya olunmuş təhsil proqramları- Müzakirə

11:33 13.07.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dövlət İmtahan Mərkəzi (DİM) beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərə müraciət edib. Qurumdan bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları dedikdə, aşağıdakı proqramlar nəzərdə tutulur:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

- Yüksək yerləşdirmə (Advanced Placement).

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 10-dan 24-dək aşağıda göstərilən sənədlərin fotosurətlərini DİM-ə onlayn qaydada ([email protected] poçtuna mövzu hissəsinə “müsabiqədənkənar qəbul” yazmaqla) təqdim etməlidirlər:

1. “Abituriyentin elektron ərizəsi”nin surəti;

2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin surətini;

3. Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.

IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu (039315) daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər. Bununla yanaşı, həmin abituriyentlər öz şəxsi kod nömrələrini (IB Personal Code) [email protected] elektron poçtuna göndərməlidirlər.Qeyd olunan proqramlar üzrə təhsil almış abituriyentlər proqram üzrə təhsil aldıqları dildə tədris aparılan ixtisasları seçə bilərlər.

Bu abituriyentlər “Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunmuşdur:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı; - Ödənişli əsaslarla qəbul üçün - 25 (“Hüquqşünaslıq” və “Tibb” ixtisasları üzrə - 30) - Dövlət sifarişi əsasında qəbul üçün - 35;

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); - Ödənişli əsaslarla qəbul üçün - C - Dövlət sifarişi əsasında qəbul üçün - B;

- Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). - Ödənişli əsaslarla qəbul üçün - 3 - Dövlət sifarişi əsasında qəbul üçün - 4.

Qeyd edək ki, “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.

Maraqlıdır, görəsən, daha kimlərin ali məktəblərə imtahansız qəbul olmaq hüququ var? Müsabiqədənkənar ali məktəbə qəbul olanlar əsasən hansı ixtisaslara üstünlük verirlər?

Mövzunu qəzetimizə şərh edən təhsil eksperti Elşən Qafarov bildirib ki, “Təhsil haqqında” qanunun 26-cı maddəsinə, eyni zamanda “Ümumtəhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir: “Amma “Təhsil haqqında” qanunun 26-cı maddəsinin 5-ci hisəsində göstərilir ki, beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisas üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunurlar. Məsələn, namizəd kimya və ya biologiya fənnindən qalibdir, amma hüquq ixtisasına qəbul olmaq istəyir. Həmin şəxsin istənilən ixtisası seçməsi hüququ var. Amma respublika fənn olimpiadalarının, eləcə də beynəlxalq yarış və müsabiqələrin qalibləri isə müvafiq ixtisas üzrə ali məktəblərə müsabiqədənkənar qəbul ola bilərlər. Tutaq ki, riyaziyyat üzrə respublika fənn olimpiadasının qalibi yalnız bu ixtisas üzrə müsabiqədənkanar keçir. Eyni zamanda, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər də ali məktəblərə imtahansız qəbul edilirlər. Bundan başqa, yüksək texniki peşə təhsili və yaxud orta ixtisas, yəni kollecləri bitirənlər, belə deyək, onlar da həmin ixtisas üzrə dövlət imtahan Mərkəzinin qəbul imtahanı bitdikdən sonra boş qalan yerlər olarsa, ancaq bitirdikləri ixtisas üzrə ali məktəblərə imtahansız qəbul edilirlər”.

Yeri gəlmişkən, 2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslərin sayı 152 nəfər olub. Belə ki, müvafiq nəticələrə əsasən, ötən il 1 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 83 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 22 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib. Bundan əlavə, 192 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 190 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.