“Akkuyu” Rusiyanın xaricdəki ilk şəxsi nüvə stansiyasıdır

09:32 05.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Aralıq dənizi sahilindəki Mersin Akkuyu bölgəsində Rusiya tərəfindən "Tik – sahib ol – işlət" modeli ilə tikilməkdə olan atom elektrik stansiyası dünyanın ən böyük AES inşaat sahəsidir.

Hafta.az-ın yazdığına görə, amma “Akkuyu”nun sahib olduğu enerji təkcə bu deyil. Bu elektrik stansiyası Rusiyanın “Tik-sahib ol-işlət” modeli ilə tamamilə öz resursları hesabına MDB ölkələri də daxil olmaqla, xaricdə icra etdiyi yeganə layihədir. Bu AES Rusiyaya məxsusdur. Bu, başqa bir dövlətin ərazisindəki ilk və indiyədək yeganə Rusiya stansiyasıdır.

“Akkuyu” AES-nin baş direktoru və İdarə Heyətinin sədri Anastasiya Zoteyeva Rusiya dövlət televiziyası “Rossiya 1” kanalına verdiyi açıqlamalarda Mersində tikilməkdə olan stansiyanın Rusiyaya aid olduğunu bildirib.

"Bu, başqa ölkənin ərazisində yerləşən bizim öz elektrik stansiyasıdır", - Zoteyeva bildirib.

“Akkuyu” dünyanın ən böyük nüvə tikinti sahəsidir. Layihə 25 min nəfər tərəfindən 3 növbədə Aralıq dənizi sahilində “tik-sahib ol-işlət” konsepsiyası ilə həyata keçirilir. Bu elektrik stansiyası sayəsində Rusiya uzun illər Türkiyəyə enerji sataraq qoyduğu sərmayəni geri qaytaracaq.

Ancaq layihədən ən çox faydalanacaq ölkə Türkiyə olacaq. Rusiyanın bu layihəsi sayəsində Türkiyə “dinc nüvə enerjisindən istifadə edən” ölkələr liqasına yüksəlib. Türkiyə illərdir ki, atom elektrik stansiyası tikmək üçün Qərb dövlətlərinin qapısını döyür, lakin onlar Türkiyənin nüvə enerjisinə sahib olmasını istəmədiyi üçün layihənin icrasına müsbət baxmırlar.

Rusiya isə Türkiyənin tələblərini yerinə yetirərək 2010-cu ildə əldə olunan razılaşmalar çərçivəsində Türkiyənin ilk AES-in tikintisinə başlayıb.

Sentyabrın 28-də Rusiyada qeyd olunan nüvə sənayesi işçilərinin peşə günü “Akkuyu”da da qeyd olunub.

Qərbin bütün sanksiyalarına baxmayaraq, Rusiyanın nüvə sənayesi əsl uğur nümunəsi nümayiş etdirir.

“Akkuyu”nu inşa edən “Rosatom” dövlət şirkəti Rusiyada üç enerji bloku tikir. Davam edən digər 33 layihə isə xarici ölkələrdən gələn sifarişlərdən ibarətdir.

“Rosatom” tərəfindən tikilən Türkiyənin ən böyük layihəsi olan Akkuyu AES 4 enerji blokundan ibarət olacaq və Türkiyənin enerji istehlakının 10 faizini təmin edəcək.

“Akkuyu”nun tikintisinin gələn il başa çatdırılması planlaşdırılır. Burada layihə çərçivəsində Türkiyənin ən böyük betonzavodu tikinti ehtiyaclarını ödəmək üçün istifadəyə verilib. “Akkuyu” reaktor komponentlərinin çatdırıldığı öz limanına da malikdir. Bütün bunlar layihənin nəqliyyat-logistika müstəqilliyini təmin etməyə imkan verib.

Layihənin direktoru Denis Sezemin "Bu, bizim limanımızdır. Bu, tam təşkil olunmuş gömrük zonasıdır. Burada yüklərin gömrük prosedurları həyata keçirilir. Biz təkcə Rusiyadan deyil, dünyanın müxtəlif ölkələrindən də gəmilər qəbul edirik" deyib.

Obyektə Rusiyadan nüvə yanacağı gətirilib. Bunun üçün ayrıca anbar tikilib. Beləliklə, Türkiyə rəsmən nüvə enerjisi olan ölkələrdən birinə çevrilib.

Nüvə təhlükəsizliyi üzrə texniki direktor müavini Konstantin Şerbinin deyir: “Bu obyektin gücü, hətta 400 tona qədər çəkisi olan ağır təyyarə düşsə belə, nüvə yanacağının bütövlüyünü təmin edəcək qədər güclüdür”.

Layihə Fukusimadakı fəlakətdən sonra planlaşdırıldığı üçün təhlükəsizlik məsələlərini prioritetləşdirərək müasir planlarla tikilir.

Atom elektrik stansiyasının xərcinin təxminən 35-40 faizi təhlükəsizlik sistemlərindən ibarətdir.

Akkuyu Nüvə Şirkəti baş direktorun birinci müavini Sergey Butskix rusiyalı nüvə alimlərinin unikal inkişafı ilə təhlükəsizlik haqqında məlumat verir: “Mühafizənin son maneəsi ərimə tələsidir. Maraqlıdır ki, bu avadanlıq reaktor binasında quraşdırılan ilk avadanlıqdır. Qəza zamanı yanacaq dərhal bu çənə boşaldılır. Konteyner möhürlənir və içindəki nüvə reaksiyası yavaş-yavaş yox olur”.

Rus alimlər indi Rusiyanın sayəsində dinc atomlardan istifadə edən ölkələrdən birinə çevrilən Türkiyə üçün yeni sənaye yaradırlar.

Rusiyada 300-ə yaxın türk mütəxəssis nüvə sənayesi üzrə təlim keçib və bu qədəri də təhsilini davam etdirir. Bu təlimlər gələcəkdə də davam etdiriləcək.

“Rosatom” bu il stansiyanın birinci blokunda tikinti işlərini başa çatdırmağı planlaşdırır.

“Gələn il ərzində bütün obyektin, xüsusən də nüvə adasının normal fəaliyyətə hazırlanması üçün bütün zəruri kompleks prosedurların həyata keçirilməsi və ilk nüvə sınaq elektrikinin əldə edilməsi vacibdir”, - “Rosatom”un rəhbəri Aleksey Lixaçev bildirib.

Obyektdə beş mindən çox rusiyalı mütəxəssis çalışır. Həmin mütəxəssislər və onların ailələri üçün “Akkuyu” AES yaxınlığında qəsəbə salınıb. Burada 1500-dən çox uşaq var. Bu uşaqların təhsili üçün Rusiya MDBMİ “Rosatom”la əməkdaşlıq edərək yerli məktəbə nəzarəti öz üzərinə götürüb.

Bu, MDBMİ-nin xaricdə həyata keçirdiyi “Rus Beynəlxalq Məktəbi” konsepsiyasına əsasən həyata keçirilən layihədir. Məqsəd xaricdə rus təhsilini inkişaf etdirməkdir. Planlara Çin, Monqolustan, BƏƏ və Türkiyə kimi ölkələr daxildir. Belə məktəblər Rusiyanın ciddi maraqları və strateji mövcudluq layihələri olan ölkələrdə açılır. Belə birgə layihələr Rusiyanın “yumşaq güc” konsepsiyasının həyata keçirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Siyasət rubrikasından digər xəbərlər