İndiyədək 83 milyon doza koronavirus peyvəndini tullayan Almaniyanın ehtiyatında daha 120 milyon istifadə olunmamış vaksin var.
Hafta.az-ın "Politico"ya istinadən yazdığına görə, Almaniya Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci ilin sonunda 54 milyon doza peyvəndi ləğv edən ölkə, 2023-cü ilin birinci rübündə əlavə 29 milyon peyvəndi atıb.
Lakin faktiki rəqəmin daha yüksək olduğu güman edilir. Nazirlik bu ilin ikinci rübündə tullantıya çıxan peyvəndlərin miqdarını açıqlamasa da, əyalətlərin və səhiyyə qurumlarının peyvənd tullantıları ilə bağlı hesabat verməsinin tələb olunmadığını vurğulayıb.
"Hazırda Almaniyanın anbarında 120 milyon doza peyvənd var. Bununla belə, ölkədə peyvənd olunanların sayı kəskin şəkildə azalıb", - xəbərdə deyilir.
Aİ rəqəmlərinə görə, 5 iyun həftəsində Almaniyada cəmi 268 doza peyvənd vurulub.
Mövsümi infeksiyalara görə payızda peyvənd nisbətlərinin artacağı gözlənilsə də, bu, vaksinlərin ehtiyatını azalda bilməyəcək. 83 milyon əhalisi olan Almaniyada bütün pandemiya dövründə 192 milyon doza peyvənd tətbiq edilib.
Nazirliyin rəqəmlərinə görə, 2023-cü ilin birinci rübündə 29 milyon peyvənddən 5 milyon doza Moderna, 18 milyon doza BioNTech və 6 milyon doza Novavax istifadə müddəti bütdüyü üçün məhv edilib. 2022-ci ilin sonunda məhv edilən milyonlarla peyvəndin dozası və ehtiyatda qalan 120 milyon doza peyvəndin də oxşar paylamaya sahib olduğu nəzərə alınsa, Almaniyanın həddindən artıq peyvəndlərdən itkisinin təxminən 4 milyard avro olduğu təxmin edilir.
Avropa Birliyi qurumlarından sızan rəqəmlərə görə, Novavaks peyvəndinin bir dozası üçün 19 avro, Moderna üçün 23 avro və BioNTech/Pfizer peyvəndi üçün 19,5 avro ödənilir.
Almaniyanın ehtiyatlarında milyonlarla doza peyvəndin müddəti bitsə də, Pfizer ilə Avropa Komissiyası arasında əldə olunan razılaşmaya əsasən, peyvəndlərin tədarükünün növbəti illərdə də davam edəcəyi gözlənilir. Razılaşmaya əsasən, 2027-ci ilə qədər AB ölkələrinə 1,1 milyard doza peyvənd tədarük edəcək Pfizer-in AB-nin tələbi ilə bu rəqəmi 260 milyon doza revize etdiyi iddia olunub.