Anomal istiləri yaradan səbəblər

15:24 18.08.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Avqust ayının brinci ongünlüyündən başlayaraq, Azərbaycanda anomal isti hava şəraiti hökm sürür. Ölkə ərazisində havanın temperaturu 44-45 dərəcəyə çatıb. Sinoptiklər bu cür hava şəraitinin avqustun 17-dək davam edəcəyini proqnozlaşdırırlar. Növbəti günlərdə temperaturun bir neçə dərəcə aşağı düşəcəyi, bəzi ərazilərdə hətta leysan yağacağı gözlənilir.

Maraqlıdır ki, Azərbaycan da daxil olmaqla dünyanın bir çox ölkələrinin anomal istilərdən əziyyət çəkdiyi zamanda Almaniya və Rusiya kimi ölkələrə qar yağıb. Məsələn, bir neçə gün öncə Almaniyanın Reutlingen şəhərinə yağan qar qış fəslini xatırladıb. Bəzi ərazilərə 30 santimetrə yaxın qar yağıb və nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Səlahiyyətlilər küçələri təmizləmək üçün qartəmizləyən maşınlardan istifadə ediblər.

Təbii ki, yay fəslinin ortasında bu cür hava şəraitinin müşahidə olunması normal sayıla bilməz. Beynəlxalq ekspertlər dünyanın bir hissəsinin anomal istilərdən, bir hissəsinin isə soyuqlardan əziyyət çəkməsini qlobal istiləşmə ilə əlaqələndirirlər.

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) isə öz növbəsində bəyan edib ki, dünyanın aparıcı ölkələri qlobal istiləşmənin qarşısının alınması istiqamətində səylərini gücləndirmədikcə Yer kürəsi daha ciddi təhlükələrlə üz-üzə qalacaq. Yeri gəlmişkən, sözügedən qurumun son açıqladığı məlumata görə, bu ilin iyul ayında orta qlobal temperatur müşahidələr tarixində bəlkə də son 120 min ildə ən yüksək olub: “Təsdiq edirik ki, 2023-cü ilin iyul ayındakı orta qlobal temperatur bütün müşahidələr tarixində ən yüksək olub”, – deyə ÜMT ilə sıx əməkdaşlıq edən Avropanın “Copernicus” İqlim Dəyişiklikliyinə Nəzarət Xidmətinin direktor müavini Samanta Bercess vurğulayıb.

O, həmçinin qeyd edib ki, dünyanın bir çox regionlarında iyulda istilik dalğaları müşahidə olunub. “Qiymətləndirmələrə görə, bu ay temperatur 1815-1900 dövrünün orta göstəricisindən, yəni, sənaye dövründən əvvəlki dövrün səviyyəsindən təxminən 1,5 dərəcə yüksək olub”, – deyə Bercess əlavə edib.

Onun sözlərinə görə, mağara çöküntüləri, daşlaşma, mərcan və balıqqulağı analizindən belə nəticəyə gəlmək olar ki, son 120 min ildə bu qədər isti olmayıb: “Bu ilin aprel ayında qeyri-adi yüksək temperaturdan sonra qlobal dəniz səthinin temperaturu rekordları da yenilənib. Nəticədə ötən iyulda okean səthinin temperaturu 1991-2020 ortalamasından təxminən 0,51 dərəcə istil olub”.

ÜMT-nin nümayəndəsi Kris Xyuitt qeyd edib ki, 2015-2022-ci illər artıq 170 il davam edən müşahidələr tarixində səkkiz ən isti il olub.

Xyuitt əlavə edib ki, uzunmüddətli istiləşmə tendensiyasının səbəbi atmosferdə rekord həddə çatan istixana qazlarının konsentrasiyasının artmasıdır.

Xatırladaq ki, bundan əvvəl Aİ-nin iqlim dəyişikliyi xidməti "Copernicus" qeyd etmişdi ki, 2023-cü ilin iyunu 1991-ci ildən bəri rekord həddə çatan ən isti ay olub.

Belə ki, 1991-ci ildən 2020-ci ilədək havanın temperaturu orta səviyyədən 0,5 dərəcə yuxarı qalxıb. ABŞ sinoptikləri isə belə qənaətə gəliblər ki, dünyada anomal istilər gələn ilin fevralına qədər davam edəcək. Belə ki, ABŞ-də sinoptiklər planetdə orta temperaturun artmasına səbəb olan "El Nino" hadisəsinin 2024-cü ilin fevralına qədər davam edəcəyinə 95 faiz əmindirlər. "El Nino" və "La Nina" Sakit Okeanda bütün dünyada hava şəraitinə təsir edə bilən iqlim nümunələridir. İyul ayında ekvatorial Sakit okeanda səth sularının temperaturu orta səviyyədən yüksək olub ki, bu da "El Nino" hadisəsinin davam etdiyini göstərir.

Mövzu bərədə qəzetimizə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, ekoloq Rauf Soltanov bildirib ki, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır: "Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı artdığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır. Yer kürəsində baş verən proseslər də iqlimə təsirsiz ötüşmür. Məsələn, 50-60-cı illərdə ölkəmizin şimal bölgələrində 6-7 ay qar olar, havalar olduqca soyuq keçərdi. Amma indi həmin ərazilərə qar 3-4 gün yağır, o da demək olar ki, 5-10 santimetrdir. Bunun ən böyük səbəbi dünyada baş verən qlobal istiləşmədir. Əlbəttə, qış fəsli qış kimi – soyuq, qarlı-boranlı keçməli yay da isti olmalıdır".

Ekoloq bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: "Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır".

Onun sözlərinə görə, Yer kürəsində soyuqlaşma prosesinin gedəcəyi gözlənilir: "Bu məlumatlar dünyanın aparıcı alimləri tərəfindən hazırlanır. Dünyadakı görkəmli ekoloqlar hesablamalar aparıblar ki, Yer kürəsində 100-200 ildən sonra iqlim dəyişmələri baş verəcək, iqlim əvəzləmələri olacaq. Onların irəli sürdüyü nəzəriyyəyə görə, Yer kürəsində istiləşmə soyuqlaşma prosesi ilə əvəz olunmalıdır. Hamı gözləyir ki, Yer kürəsində soyuqlaşma prosesi gedəcək. Yəqin ki, bu istiləşmələr də soyuqlaşmalardan əvvəlki prosesdir. Bütün bunlar geosistemdə gedən qanunauyğunluqlardır. Ümumdünya Meteorologiya Təşkilatının verdiyi məlumatlar 80-90 faiz özünü doğruldur. Ancaq Yer kürəsinin də özünün qanunauyğunluqları var. Bu təşkilatın proqnozuna inamım çoxdur, ola bilsin ki, yaxın 5 ildə istiləşmə olsun, ancaq növbəti yüzillikdə soyuqlaşmanın olacağı da istisna edilmir. Lakin inanmıram ki, istiləşmə hansısa bir fəlakətə gətirib çıxarsın. Ancaq müəyyən qədər təsirlərini hiss edəcəyik".

Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov hesab edir ki, qlobal istiləşmə Yer kürəsinin öz oxunu Günəşə doğru hərəkət etdirməsidir: “Bu səbəbdən də Planetin şimal qütbündə temperaturun dərəcəsi həddindən artıq yüksəkdir. Cənub tərəfdə isə Sakit və Atlantik Okeanlarının suyu qızdıqca buxarlanır, yağışı da Şimal qütbünə göndərir”.

 Qlobal istiləşmənin nə zamana kimi davam edəcəyinə gəlincə Telman Zeynalov deyib ki, bunun həddini və konkret vaxtını proqnozlaşdırmaq mümkün deyil: “Amma onu deyə bilərəm ki, 2023-cu ildən etibarən havalar soyumağa başlayacaq. Yer kürəsi həm öz oxu, həm də Günəş ətrafında dövr edir və bu səbəbdən Yerdə fəsillər tsiklik olaraq təkrarlanır, isti və soyuq aylar bir-birini əvəz edirlər. Əvvəli və sonu görünməyən bu proses min illərdir davam edir. Buzlaşma və istiləşmə dövrləri zaman-zaman bir-birilərini əvəz edərək Yer kürəsi bugünkü vəziyyətə gəlib çatmışdı. Yer kürəsinin bir dəfə dövr edib öz yerinə qayıtması 120 min il çəkir. 50 faizi yəni, 60 min ili istiləşmə olur, geri qalan 50 faizində isə havalar yavaş-yavaş soyumağa başlayır. Bu zaman ərzində öz istiqamətini dəyişdirərək Günəşdən uzaq hərəkət edir. Ümumiyyətlə isə həm qlobal istiləşmənin, həm də qlobal soyuqlaşmanın normadan kənara çıxması insanlar və ərtaf mühit üçün arzuedilməzdir. Yaxşı olar ki, insanlar həkimlərin, mütəxəssislərin xəbərdarlığına ciddi əməl etsin və təbiətin hər halına adaptasiya olmağa çalışsın”.

Qlobal istiləşmənin xüsusi silahla süni şəkildə yaradılması iddiasına da toxunan ekoloq deyib ki, heç kəs süni iqlim formalaşdıra bilməz: “İqlim dəyişikliyi, təbii fəlakətlərin silahlarla törədilməsi iddiaları cəfəngiyyatdır. Bu insanları təsir altında saxlamaq üçün yayılan xofdur. Bu bir faktdır ki, elm, texnologiya nə qədər inkişaf etsə də, insan təbiət şıltaqlıqları qarşısında hələ ki, acizdir”.