Arıçılar şokdadır: istiyə dözməyən bal arıları daha sərin yerlərə uçurlar

12:56 05.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu il havaların ifrat quraq keçməsi səbəbindən, Mərakeşin güneyində yerləşən İnzerki kəndində fermerlər qeyri-adi vəziyyətlə üzləşiblər.

Hafta.az-ın AFP-ə istinadən yazdığına görə, kənddə ənənəvi üsulla yetişdirilən bal arıları kəndi tərk ediblər. Yerli arıçı İbrahim Şetvi bildirib ki, qızmar günəşin altında pətəklərə nəzər salarkən təəccübündən donub qalıb. Başqa vaxtlar arıların vızıltısından qulaq tutulduğu halda, indi tam sakitlik idi: "Mərakeşin güney-qərb bölgəsində yayılan Argan ağaclarının arasında qurulan fermer təsərrüfatımızda 90 arı pətəyi mövcud idi. Amma son ayyarım ərzində onlardan 40-ı yerini tək edərək, köçüb".

Şetvi bildirib ki, əslində buraların əsrarəngiz təbiəti var, amma yerli ailələr imkansızlıq üzündən arıçılıq təsərrüfatını başlı-başına buraxmağa məcbur qalıb. Onun sözlərinə görə, təbii quraqlıqla mübarizə məqsədilə ərazidə bəzi texniki qaydalardan yararlanmaq, məsələn, vaxtaşırı çiləmə üsulundan istifadə edərək pətəklər olan yerdəki havanı nəmləndirmək olar. Amma bu, müəyyən vəsait tələb edir.

Xatırladaq ki, adıçəkilən bölgədə arıçılıq təsərrüfatlarının tarixi 1850-ci illərə uzanır.

Mərakeş Arıçılar Birliyinin nümayəndəsi Məhəmməd Şudani bildiirb ki, yalnız güneydə deyil, yeni zamanda şimalda da, məsələn, Xenifra şəhərində avqust ayından üzübəri təxminən 100 min arı ailəsi yerləşdiyi pətəyi tərk edərək, köçüb.

Məlumat üçün deyək ki, 2019-cu ildə Mərakeşdə 36 min fermerə məxsus 910 min arıçılıq təsərrüfatı olub. Amma bu il arıların köçməsi səbəbindən, bu təsərrüfatı dirçəltmək üçün hökumət 130 milyon dirhəm və ya təxminən 13,5 milyon dollar məbləğində yardım ayırıb. Eyni zamanda, hökumət arıların köçünün elmi səbəblərini araşdırmaq üçün Milli Ərzaq Təhlükəsizliyi Ofisinə tapşırıq verib. 

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, Mərakeşdə istehsal edilən balın həcmi son 10 ildə 69 faiz artaraq, 2009-cu ildə mövcud olan 4,7 tondan 2019-cu ildə 8 tona yüksəlib. Bu da maddi hesabla 1 milyard dirhəm və ya təxminən 100 milyon dollar edir.