Avtomobil parkı yenilənəcək

10:52 13.04.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Aprelin 29-dan etibarən yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılacaq. Belə ki, Nazirlər Kabinetinin 2023-cü il 29 mart tarixli “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” qərarı təxminən 17 gün sonra qüvvəyə minir. Amma bununla yanaşı, 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrə qədər xarici ölkədən sifariş etdiyi avtomobil üçün ödəniş edən, müqavilə bağlayan şəxslər yaşı 10 ildən çox olsa da avtomobilini ölkəyə gətirə biləcək.

Qeyd edək ki, atmosferin çirklənməsində nəqliyyat vasitələri, xüsusilə də köhnə avtomobillər mühüm rola malikdir. Ona görə də nəqliyyat vasitələrinin ətraf mühitin çirkləndirməsi problemi bir çox ölkələrdə hələ də aktual olaraq qalır. Avropa ökələri  müxtəlif yollardan istifadə edərək bu zərəri minimuma endirməyə çalışırlar. Texnologiyanın inkişafı benzin və dizel mühərriklərində zərərli maddələrin miqdarını azaltmağa imkan verir. Gələcəkdə bir çox şirkətlər dizel və benzinlə işləyən avtomobilləri elektriklə işləyən avtomobillərlə əvəzləməyi düşünür. Bu, təkcə yeni texnologiyalar inkişaf etdirmək istəyilə yox, həm də  ətraf mühitin təmizliyi ilə əlaqədardır. Aparılan hesablamalar göstərir ki, hər avtomobil havaya ildə 10 kiloqram rezin toz buraxır. Nasaz və ya köhnə avtomobillərin atmosferə buraxdığı zəhərli qazların miqdarı isə 3-5 dəfə çoxdur. Atmosferi daha çox çirkləndirən isə benzinlə işləyən avtomobillərdir (75 faiz). Siyahıda ikinci yeri dizel mühərrikli nəqliyyat vasitələri tutur (4 faiz). Traktor və digər kənd təsərrüfarı maşınları isə siyahıda üçüncüdür (4 faiz). Ən acınacaqlısı da odur ki, zaman keçdikcə qeyd olunan statistik rəqəmlər durmadan yüksəlir.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən hazırda Azərbaycanda 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.

Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:

2 ilə qədər olan minik avtomobilləri 2 faiz;
2 ildən 5 ilə qədər olan minik avtomobilləri faiz;
5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9 faiz
Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı ölkəmizdə 80 faizdən çoxdur.

İstehsal tarixi 10 ildən çox olan avtomobil idxalının məhdudlaşdırılmasının yaradacağı imkanlara gəlincə,  bu addımın ekoloji təmiz olan hibrid və elektrik avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıracağı, yararsız avtomobillərin dövriyyədən çıxarılması ilə avtomobil parkı yenilənəcəyi, yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalacağı, ekoloji təmiz avtomobillərin sayının artması karbon emissiyasının azalmasına və daha sağlam ətraf mühitin olmasına səbəb olmaqla, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in icrasını sürətləndirəcəyi, insanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına gətirib çıxaracağı, ölkəmizdə avtomobil istehsalının stimullaşdırılmasına səbəb olacağı, avtomobil istehsalı sahəsi üzrə ixtisaslı kadrların artmasına imkan yaradacağı proqnozlaşdırılır.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 1 yanvar 2022-ci ildən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Məsələ ilə bağlı nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bizimlə söhbətində bildirib ki, ekoloji təmiz nəqliyyat vasitələrinin ölkəmizə idxalı və istismar edilməsi ilə bağlı dövlət tərəfindən stimullaşdırıcı addımlar atılır: "Bunula bağlı dövlət müxtəlif stimullaşdırıcı, həvəsləndirici addımlar atır. Çünki bizim milli priotetlərimiz var. Azərbaycan 2030-cu ilə olan milli priotetlərimizin bəndlərdən biri də ondan ibarətdir ki, 2030-cu ilə qədər ölkəmizi təmiz ətraf və yaşıl artım ölkəsinə çevirməliyik. Təbii ki, belə olan halda atmosferə buraxılan zəhərli qazların miqdarı azaldılmalıdır. Ona görə də  dövlət təşviq edir ki, vətəndaşlar  ekoloji  təmiz nəqliyyat vasitələrinə üstünlük versinlər. Bu məqsədlə  müxtəlif proqram və layihələr hazırlanır, Nazirlər Kabineti yanında  Biznes Mühiti və Beynəlxalq Reytinqlər  üzrə  Dövlət Komissiyasının alt qruplarında müəyyən işlər gedir. Bununla bağlı yol xəritəsi hazırlanıb. Yol xəritəsi  əsasında 2022-ci ildə ölkəmizə idxal olunan ekoloji təmiz nəqliyyat vasitələri rüsumlardan azad edildi ki, bu da həm sahibkarlar, həm də vətəndaşlar üçün cəlbedicidir. Düşünürəm ki, bununla bağlı qarşıda görüləsi işlər çoxdur. Buna görə də respublikanın avtomobil parkının yenilənməsinə ciddi ehtiyac var. Digər tərəfdən Nazirlər Kabinetinin bu yaxınlarda imzaladığı yeni qərarı da ölkədə avtomobil parkının yenilənməsinə və ekosistemin yaxşılaşmasına xidmət edəcək. Ölkəmizdə yaşı 10 ildən çox olan avtomobillərin sayı həddindən artıq çoxdur. Həmçinin qeyd etmək lazımdır ki, son illərdə Gürcüstandan da Azərbaycana yararsız, ömrünü başa vurmuş avtomobillər daşınırdı. Nazirlər Kabinetinin qərarı bunun qarşısını qismən alacaq. Bu qərarın qəbul edilməsi Azərbaycanda qarşıdan gələn yeni bir qərarı şərtləndirir, o da, ola bilər ki, bundan sonrakı qərar Azərbaycanın “Avro-5” ekoloji standartlara keçidlə bağlı olsun".

Ekspert onu da qeyd etdi ki, ölkəmizə avtomobil gətirilməsi ilə bağlı qərarın vətəndaşlara və sahibkarlara zərər verməməsi üçün müəyyən təkliflər irəli sürüb: “Qərar imzalandığı gündən 30 gün sonra qüvvəyə minir. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil var. Onlar yoldadır. Bu avtomobillər əsasən Yaponiya, Cənubi Koreya və Birləşmiş Ştatlar kimi uzaq ölkələrdən alınıb. Gəmilər vasitəsilə həmin avtomobillərin ölkəmizə gətirilməsi 2 ay çəkir. Təklifimiz ondan ibarətdir ki, artıq sifariş edilmiş və pulu ödənilmiş avtomobillərin ölkəyə buraxılışı təmin olunsun. Ya da bu müddət ən azı 60 günə qədər uzadılsın ki, vətəndaşlarımız külli miqdarda zərərə düşməsinlər. Əks halda həmin avtomobillər Gürcüstan limanlarında qala bilər”.

Məsələyə münasibət bildirən ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə isə qeyd edib ki, yaşı 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməməsi ətraf mühitə müsbət təsir edəcək bildirib: “Azərbaycanda idxal olunan avtomobillərin əksəriyyətinin istehsal tarixi köhnədir. Bu da avtomobil parkının sürətlə köhnəlməsinə gətirib çıxarır. Avtomobil parkının köhnəlməsi nəqliyyat sektorundan tullantıların artmasına və bununla da ətraf mühit və insan sağlamlığına mənfi təsir göstərir. Ölkədə iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı sürətlə artır".

Onun sözlərinə görə, Azərbaycanda istehlakda olan avtomobillərin 80 faizdən çoxunun yaşı 10 ildən artıqdır: "Statistik rəqəmlərə baxsaq, köhnə avtomobillərin sayının ekoloji cəhətdən təmiz avtomobillərin sayına nisbətən daha sürətlə artmasını müşahidə edə bilərik. Bu isə ətraf mühitə, insan sağlamlığına təhlükələr yaradan amillərdəndir. Ona görə də Nazirlər Kabineti tərəfindən 29 mart 2023-cü il tarixində yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul olunub. Bu qərar, sözsüz ki, həm avtomobil parkının köhnəlməsinin qarşısının alınmasına, həm də avtomobil sektorunun insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinin azaldılmasına şərait yaradacaq, eyni zamanda digər ölkələrdə istifadəsi məhdudlaşdırılmış avtomobillərin ölkəmizə axınının qarşısını alacaq”.

R.Səttarzadə qeyd edib ki, inkişaf etmiş ölkələrdə benzin və dizel yanacağı ilə işləyən avtonəqliyyat növlərindən istifadənin azaldılması və tədricən qadağan edilməsi istiqamətində tədbirlər görülür: "Bu da o deməkdir ki, müəyyən müddətdən sonra artıq həmin avtomobillərin bir çoxu inkişaf etməkdə olan ölkələrin bazarlarına yönələcək. Ümid edirəm ki, müəyyən vaxtdan sonra görəcəyik ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərar nəticəsində ətraf mühitdə, atmosferin keyfiyyətində müsbət dəyişikliklər olacaq”.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, Azərbaycanda avtomobil parkı kifayyət qədərdir: “Bu qərarın əsas amili, şərti odur ki, ətraf mühitə ziyan vurulmasın, eyni zamanda avtomobil parklarının yenilənməsi olsun. Müasirliyə gedirik, məqsəd avtomobillər hibrid maşınlarla əvəzləşdirilsin. Yəni stimullaşdırırıq ki, ətraf mühiti təmizləyək. Amma statistikaya diqqət yetirək. Burada 80 faizdən çox avtomobillər 10 ildən artıq yaşı olan avtomobillərdir. Vətəndaşlarımızın alıcılıq qabiliyyəti 80 faizi bunu bacarır. Müasirliyə gedəndə nəzərə alınmalıdır ki, maddi imkan da çatsın. Məsələn, kiminsə əlində 10 min manatı varsa, o gedib 20 min manata maşın ala bilməz axı. Bizim statistika komitəsi bu rəqəmləri verir, maşınların da tarixçəsi var. 80 faiz istifadə olunan avtomobillər 10 ildən böyükdür".