Çinin Baş naziri Li Çianq dünən Pekində başlayan Çin İnkişaf Forumunun açılışında beynəlxalq iş dünyasının nümayəndələrinə müraciət edib.
Hafta.az yazır ki, trixən qlobal iqtisadiyyatın çətinliklərin öhdəsindən gəldiyi və rifah yaratdığı dövrlərin mövcud bazarlar üzərində rəqabətdən deyil, açıqlıq və texnoloji tərəqqi yolu ilə yeni bazarların yaradılmasından qaynaqlandığını qeyd edən Li bildirib: "Proteksionizm hər dərdin dərmanı deyil. Biz açıqlıq və qabaqcıl sahibkarlıq ruhunu qoruyarkən azad ticarəti genişləndirməli və innovasiyanı effektiv şəkildə gücləndirməliyik".
Li əlavə edib ki, bugünkü dünyada güc siyasəti artarkən beynəlxalq bərabərlik və ədalət çağırışları daha ucadan səslənir. "Bu ziddiyyətli görünən reallıqlar daha dərin səviyyədə fikir və qavrayışların toqquşmasını və ən əsası, ölkələrin və millətlərin bir-biri ilə necə qarşılıqlı əlaqədə olmalı olduğuna dair ən fundamental məsələləri necə başa düşdüyümüzdəki fikir ayrılığını əks etdirir", - deyə o bildirib.
ABŞ Prezidenti Donald Trampın ikinci müddətində tarif artımları və hərbi müdaxilələr səbəbindən qlobal qeyri-müəyyənliyin artdığı bir dövrdə Li Çinin sabitlik amili olaraq qalacağını vurğulayıb.
Ticarət profisiti və həddindən artıq istehsal gücü ilə bağlı tənqidlərə cavab olaraq Li, beynəlxalq ticarətin mahiyyətcə ikitərəfli olduğunu, hər iki tərəfin əməkdaşlıqdan faydalandığını və Çinin heç vaxt ticarət profisiti əldə etməyi hədəfləmədiyini iddia edib.
Elektrikli nəqliyyat vasitələri, bərpa olunan enerji avadanlıqları və polad istehsalı kimi bəzi sektorlarda həddindən artıq istehsal gücü ilə bağlı tənqidlərə gəldikdə, Li bildirib ki, "Çinin müvafiq sənaye sahələrinin rəqabət üstünlükləri dövlət subsidiyalarından və ya proteksionizmdən deyil, islahat prosesinin dərinləşməsindən, innovasiya yönümlü inkişafdan və ən əsası, Çin xalqının və şirkətlərinin çalışqanlığından və zəhmətindən qaynaqlanır".
Li həmçinin sənaye istehsalı məsələlərinə həddindən artıq təhlükəsizlik yönümlü məntiqlə yanaşma meylinin dünya miqyasında şirkətlərin xərclərini lazımsız şəkildə artırdığını və qlobal artıma mənfi təsir göstərdiyini qeyd edib.
22-23 mart tarixlərində Pekində keçirilən bu ilki Çin İnkişaf Forumunda Apple, Volkswagen, Samsung, TotalEnergies, Mercedes-Benz, Maersk, SK Hynix, Siemens, Broadcom, Cargill və AstraZeneca da daxil olmaqla təxminən 80 beynəlxalq şirkətin yüksək vəzifəli rəhbərləri iştirak edir.