Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edir

12:27 08.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Prezident İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Azərbaycan dövləti beynəlxalq şəraitdən asılı olmayaraq yerləşdiyi bölgədə baş verən proseslərin gedişinə ciddi təsir göstərir.  Dünyanın aparıcı dövlətləri və nüfuzlu təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Azərbaycanın regional və qlobal müstəvidə enerji təhlüksizliyinə töhfə verdiyi bəllidir və bu bütün dünyada çox yüksək qiymətləndirilir.

Tarixə nəzər salsaq görərik ki, XXI əsrin əvvəllərindən başlayaraq xarici siyasətdə baş verən müsbət dinamik dəyişikliklər Azərbaycanın 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olmasının real zəminini hazırladı. 2016-cı ildə isə Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazandı. Bu, 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməyə imkan yaratdı. 2011-ci ildən Azərbaycan Qoşulmama Hərəkatının üzvü olmaqla yanaşı 2019-2022-ci illərdə quruma uğurlu sədrliyi nəticəsində Azərbaycanın sədrlik müddəti yekdilliklə bir il daha uzadılmışdır. Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətdir. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması ölkəmizin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatında həyata keçirdiyi məhsuldar fəaliyyətin nəticəsidir.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev bizimlə söhbətində bildirib ki, ölkəmiz regionda və dünyada sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar mühüm təşəbbüslərlə çıxış edir: “Bu gün müstəqil dövlətlərin, müstəqil siyasət yürüdən ölkələrindünya birliyinə inteqrasiya olunması dövrün tələbidir. Düşünürəm ki, hər bir müstəqil dövlət bu sahədə uğurlu addımlarını atmalıdır. Azərbaycan da dünyanın bir hissəsidir. Və sözsüz ki, dünya ölkələri, dünya birliyi ilə sıx əməkdaşlıq etmədən Azərbaycan həqiqətlərini, reallıqlarını dünyaya çatdırmaq mümkün deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk illərdə bu məsələ diqqət mərkəzində olub və dünya ölkələri ilə sıx əməkdaşlıq etmək, dünya birliyinin nüfuzlu üzvlərindən biri kimi tanınmaq dövlətimizin başçısının qarşıya qoyduğu ən başlıca vəzifələrdən biri olub. Bu gün qürurla qeyd etmək olar ki, Azərbaycan artıq dünya birliyi ölkələri arasında öz sözünü deyən, seçilən və bəşəri ideyaları həyata keçirən, dünya ölkələrində baş verən hadisələrə ciddi yanaşan, reaksiya verən və müəyyən problemlərin aradan qaldırılmasına dəstək göstərən bir ölkəyə çevrilib. Azərbaycan BMT-nin üzvüdür və qürürverici haldır ki, Azərbaycan dövləti az bir müddətdə BMT Təhlükəsizlik Şurasının sayılıb-seçilən üzvlərindən biri olmaqla həmin Şuraya 2 il sədrlik etdi. Bu, əlbəttə ki, dünyada ən böyük təşkilatdır. Belə təşkilatın bir parçası olmaq, həmin təşkilatda iştirak etmək və müzakirə olunan məsələlərə münasibət bildirmək və sədrliyi həyata keçirmək hər bir ölkəyə nəsib olmur. Bu dövrdə də Azərbaycan dövləti dünyada sülhün, əmin-əmanlığın, bərabərliyin, azadlığın təminatçısı kimi çıxış etdi, öz sözünü dünyaya çatdırdı”.

Millət vəkili, həmçinin qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən böyük hərəkatlarından biri olan Qoşulmama Hərəkatı ilə də fəal əməkdaşlıq edir: ”Azərbaycan bu hərəkatla sıx əməkdaşlığı, bu təşkilata dəstəyi ilə dünyaya bir nümunədir. Bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir və sədrlik dövründə Azərbaycan Prezidenti dünyada mövcud olan bir çox problemlərin həllində, xüsusilə pandemiyaya qarşı mübarizədə çox böyük fəallıq və bəşəri duyğular ifadə etdi. Dünyada bu xəstəliyin qarşısının alınmasında Azərbaycan dövləti dünya ölkələrinə öz maddi, mənəvi dəstəyini göstərmiş oldu. Bundan başqa, hazırda ölkəmiz İslam Əməkdaşlıq Təşkilatında da çox fəal təmsil olunur və bu tədbirlərin bir çoxunun Azərbaycanda keçirilməsi onu göstərir ki, əməkdaşlığımız gündən-günə möhkəmlənir. Azərbaycan həm də Avropa Şurasının üzvüdür. Eyni zamanda, Avropa Şurası Parlament Assambleyasında fəal iş aparır. Bu da Azərbaycana yeni dvidendlər, yeni uğurlar qazandırır. Son illər Azərbaycanın Avropa İttifaqı ilə də münasibətləri yaxşılaşdırılmaqdadır. Avropa İttifaqı ölkələri rəhbərlərinin Azərbaycana gəlməsi və İttifaqın Azərbaycanda keçirilən tədbirlərə önəm verməsi, bir çox hallarda Azərbaycanın haqq-ədalət mübarizəsinin dəstəklənməsi göstərir ki, münasibətlər ildən-ilə yüksələn xətt üzrə inkişaf edir. Bundan sonra da bu xətt davam etdiriləcəkdir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan əlaqələrinin möhkəmləndirilməsi, mehriban qonşuluq siyasətinin yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər və son dövrdə təşkil olunan bu görüşlər göstərir ki, Azərbaycan Avropa İttifaqının sayılıb-seçilən ölkələrindən biri kimi qiymətləndirilir. Digər tərəfdən, Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri müntəzəm xarakter daşıyır. Elə bu yaxınlarda dövlətimiz başçısı Avropa İttifaqının təşəbbüsü ilə Brüsseldə oldu və Ermənistanın baş naziri ilə görüş keçirdi. Bu görüşdə sülh sazişinin bağlanılması, nəqliyyat xəttinin açılması, sərhədlərin delimitasiyası kimi olduqca vacib məsələlər müzakirə olundu. Əlbəttə ki, bu da Azərbaycanın milli maraqlarına cavab verir və həmin görüşdən dərhal sonra Azərbaycan Prezidenti bizim ən yaxın tərəfdaşımız olan İtaliyada oldu. Burada çoxsaylı görüşlər keçirdi və həmin görüşdə, eləcə də iştirak etdiyi beynəlxalq forumda dünyada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolundan bəhs etdi. Avropada enerji təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, qarşıya qoyulan vəzifələr bu gün dünya ölkələri tərəfindən yüksək qiymətləndirilir. Sözsüz ki, Azərbaycan Prezidentinin tapşırıqları əsasında xarici ölkələrlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində Milli Məclis, eləcə də Xarici İşlər Nazirliyi, digər dövlət orqanları fəal şəkildə iş aparırlar. Bu Azərbaycanın dünyada tanıdılması, haqq-ədalət mübarizəsinin dəstəklənməsi baxımından olduqca faydalıdır və görülən işlər də sübut edir ki, həqiqətən qurulan əlaqələr, inteqrasiyanın genişləndirilməsi Azərbaycana faydalar verir, ölkəmizin uğurlarını möhkəmləndirir”.

Mövzu ilə bağlı millət vəkili Müşfiq Cəfərov isə qeyd edib ki, Azərbaycan dünya birliyinə inteqrasiya, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində həmişə maraqlı olub: “İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə təsir edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən, dünya inkişafının başlıca amillərindəndir.

Artıq müasir dünyada bütün ölkələri əhatə edən inteqrasiya amili onun suveren milli dövlətə təsirinin nəticələri, yaxın və uzaq ölkələrlə əməkdaşlığın qarşılıqlı faydası olduqca yüksəkdir.

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyevin yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkməsi, onu ardıcıl olaraq həyata keçirməsi, bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi və Azərbaycanın dünyada özünütəsdiqinə nail olması bu gün hamı tərəfindən qəbul olunmuş gerçəklikdir. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan dövlətinin Avropaya və Avrasiyaya inteqrasiyasının siyasi prinsip və əsasları Ulu Öndər tərəfindən qoyulub. Hazırda isə ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Son onilliklərdə geniş vüsət alan, getdikcə daha da intensivləşən inteqrasiya, qloballaşma və regional əməkdaşlıq forumları Azərbaycan üçün aktuallıq kəsb edir.

Bu gün Azərbaycanın dünya birliyinə inteqrasiyası, onun regional inteqrasiya beynəlxalq əməkdaşlıqda bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsi gənc bir dövlət üçün çox böyük nailiyyətdir.

Müasir dövrdə siyasi və iqtisadi inteqrasiya prosesləri, dövlətlərin regional birlik və ittifaqlarının formalaşması geniş vüsət almışdır. İndi Azərbaycan bir çox beynəlxalq nüfuzlu təşkilatların etibarlı partnyorudur. Bütün bunlar qabaqcıl siyasətin nəticədir. Mən deyərdim ki, bu gün Azərbaycan dövləti dünya birliyinə inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Ölkəmizdə dövlətin xarici siyasətinin ən mühüm istiqamətlərindən birini, şübhəsiz, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq təşkil edir”.

Oxunma sayı 11475