Azərbaycan enerji keçidini dəstəkləyir - Vüqar Bayramov

14:35 04.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın beynəlxalq iqtisadi və enerji gündəmində mühüm hadisələrin yaşandığı bir dövrdə ölkənin qlobal enerji təhlükəsizliyindəki rolu, ABŞ ilə iqtisadi əməkdaşlığın perspektivləri və regionda formalaşan yeni nəqliyyat-kommunikasiya reallıqları xüsusi diqqət mərkəzindədir.

Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticələri, Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində səsləndirdiyi mesajlar, Zəngəzur dəhlizinin açılması ilə bağlı gözləntilər və dünya enerji bazarlarında baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına təsirləri günün əsas müzakirə mövzusu olaraq təhlil olunur.

Hafta.az-ın müsahibi Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovdur:

- Azərbaycan-ABŞ iqtisadi dialoqunun nəticələrini və imzalanan qarşılıqlı anlaşmaları necə dəyərləndirirsiniz?

- Bakı Enerji Forumu çərçivəsində Azərbaycan-ABŞ iqtisadi dialoqunun təşkili iki ölkə arasında iqtisadi münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Nəzərə alsaq ki, dialoq çərçivəsində ümumi dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb, bu, mineral resursların işlənməsi sahəsində Azərbaycan ilə ABŞ arasında strateji əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Bu, praktik olaraq onu göstərir ki, tərəflər sözügedən istiqamətdə sıx əməkdaşlıq etmək niyyətindədirlər. Eyni zamanda, ABŞ-nin texnologiya və innovasiyalarının Azərbaycana cəlb olunması, eləcə də bu sahəyə investisiyaların yönəldilməsi baxımından əməkdaşlığın gücləndirilməsi də razılaşmalarda öz əksini tapıb.

Şübhəsiz, bunlar Azərbaycan iqtisadiyyatının inkişafı baxımından mühüm müqavilələrdir. Bu razılaşmalar sərmayələrin cəlb olunması ilə yanaşı, qabaqcıl texnologiyaların və innovasiyaların transferinə də imkan yaradacaq. ABŞ ilə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi olduqca vacibdir. Bu, yeni texnologiyaların tətbiqinə və bilik mübadiləsinin güclənməsinə şərait yaradır.

Bu baxımdan, sözügedən müqavilələr Azərbaycan iqtisadiyyatının texnoloji baxımdan yenilənməsi və modernləşdirilməsi aspektindən də xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, onların ölkəyə daxil olan investisiyaların həcminin artmasına və Azərbaycan–ABŞ strateji əməkdaşlığının daha da möhkəmlənməsinə xidmət edəcəyi gözlənilir.

- ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinə Müstəqillik Günü və Enerji forumuna göndərdiyi məktublarda iqtisadi sahədə daha çox hansı məqamlara vurğu etdi?

- Azərbaycan Prezidentinin Bakı Enerji Forumunun açılış mərasimində çıxışı zamanı diqqət çəkdiyi məqamlardan biri də ABŞ Prezidentinin ona ünvanladığı məktub oldu. Məktubda yer alan səmimi fikirlər və əməkdaşlıqla bağlı vurğular xüsusi əhəmiyyət daşıyır.

Təbii ki, bir tərəfdən, iki ölkə arasında strateji əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində mühüm sənədlər imzalanıb və onların icrası davam etdirilir. Digər tərəfdən, Azərbaycan ilə ABŞ arasında iqtisadi əlaqələrin getdikcə daha da dərinləşdiyini müşahidə edirik. Bu əməkdaşlıq özünü həm investisiya qoyuluşlarında, həm də texnologiyaların transferində göstərir.

Şübhəsiz, ABŞ Prezidentinin Azərbaycan Prezidentinə ünvanladığı məktub həm ikitərəfli əlaqələrin inkişafı, həm də orada yer alan səmimi mesajlar baxımından yüksək qiymətləndirilməlidir. Bu cür yanaşma iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə əlavə töhfə verir.

- Prezident İlham Əliyev Enerji Forumundakı çıxışında bir sıra aktual məsələlərə toxundu. Xüsusilə dünyanın gələcəkdə enerji ilə bağlı mədən fəaliyyətinə ciddi ehtiyacının olduğunu bildirdi. Siz bu prosesi necə görürsünüz?

- Cənab Prezidentin çıxışında qeyd olunduğu kimi, təbii ki, enerji keçidi vacibdir. Bununla yanaşı, ənənəvi enerji resurslarına tələbat yüksək olaraq qalmaqdadır. Növbəti dövrlərdə də biz ənənəvi enerji resurslarına tələbin artmasını müşahidə edəcəyik.

Azərbaycan enerji keçidini dəstəkləyən ölkələr sırasındadır. Ümumiyyətlə, Azərbaycan regionda bərpa olunan enerjiyə ən çox sərmayə cəlb edən ölkələrdən biridir. Bu istiqamətdə xüsusilə xarici şirkətlərlə əməkdaşlığın güclənməsini müşahidə edirik. Praktik olaraq, son illərdə Azərbaycan bərpa olunan enerji sahəsinə 1 milyard dollardan artıq xarici sərmayə cəlb edib ki, bu da enerji keçidinin təmin olunmasına töhfə verir.

Bununla yanaşı, Azərbaycanın mövcud ehtiyatları imkan verir ki, növbəti yüzilliklərdə də ölkə həm özünü, həm də tərəfdaşlarını təbii qazla təmin edə bilsin. Hazırda Azərbaycanın kəşf edilmiş təbii qaz ehtiyatları 2,5 trilyon kubmetrdən artıqdır. Bu göstərici Azərbaycanın dünyada ön sıralarda yer aldığını təsdiqləyir.

Bütün bunlar göstərir ki, növbəti dövrlərdə də Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində rolu artmaqda davam edəcək. Ölkə həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də yaşıl enerji keçidini dəstəkləyən mühüm tərəfdaş kimi öz mövqeyini daha da gücləndirəcək.

- Dövlət başçısının “Zəngəzur dəhlizi mütləq açılacaq” və Trampın gələcək sülh danışıqları ilə bağlı anonsu fonunda regional iqtisadi gözləntilər nədən ibarətdir?

- Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün strateji əhəmiyyət daşıyan layihələrdən biridir. Cənab Prezident dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi mütləq açılacaq və fəaliyyət göstərəcək. Zəfərdən sonrakı dövr ərzində bu istiqamətdə dövlət başçısı tərəfindən ardıcıl açıqlamalar verilib və artıq biz prosesin sürətləndiyini müşahidə edirik.

Eyni zamanda, yaxın perspektivdə Zəngəzur dəhlizinin reallaşması imkanları daha da artıb. Azərbaycan hissəsində aparılan işlər praktik olaraq tamamlanıb. Ermənistan ərazisindən keçən hissədə isə tikinti işlərinin başlanmasına və davam etdirilməsinə ehtiyac var.

Digər tərəfdən, Zəngəzur dəhlizinin beynəlxalq tərəfdaşlar tərəfindən də dəstəkləndiyi qeyd olunmalıdır. Bu layihə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsi və iqtisadi inteqrasiyanın güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq dəstəyin artması layihənin reallaşma imkanlarını daha da gücləndirir.

Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat əlaqəsinin bərpası mümkün olacaq. Bu isə həm ölkədaxili iqtisadi əlaqələrin genişlənməsinə, həm də regionun tranzit və logistika imkanlarının əhəmiyyətli dərəcədə artmasına xidmət edəcək.

- Azərbaycanın enerji və logistik mərkəz olaraq gələcək mövqeyini, bu istiqamətdə daha hansı addımlar atılmalı olduğunu şərh edərdiniz...

- Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, geosiyasi və geoiqtisadi mövqeyi də güclənməkdədir. Azərbaycan artıq dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir və onlardan 12-si Avropa məkanında yerləşən ölkələrdir. Bütün bunlar həm Azərbaycanın beynəlxalq nüfuzunun, həm də geosiyasi mövqeyinin güclənməsinin göstəricisidir.

Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan regionda orta güc dövlətinə çevrilib və artıq yalnız regionun deyil, həm də Yaxın Şərqin enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan qazı artıq Suriya bazarına çıxış əldə edib və Suriya vasitəsilə digər Yaxın Şərq ölkələrinə də nəql imkanları formalaşa bilər.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkənin geosiyasi mövqeyinin güclənməsinə xidmət edib. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini və regionda formalaşan yeni düzəndə ölkəmizin xüsusi rol oynadığını müşahidə edirik.

Bütün bunlar deməyə əsas verir ki, növbəti dövrlərdə də Azərbaycanın geosiyasi mövqeyi daha da möhkəmlənəcək, beynəlxalq nüfuzu artacaq və ölkəmizin regional və qlobal proseslərə təsir imkanları genişlənəcək.